Oktyabrın 29-da Yasamal Rayon Məhkəməsi vəkil Əlayif Həsənovdan şikayətə baxılmasını davam etdirib.
Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib.
“Media forum” saytına açıqlamasında Əlayif Həsənov bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Nuriyyə Hüseynovanın məhkəməyə müraciəti səsləndirilib: “Müraciətində o, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iddialarından imtina etdiyini bildirir. Hakim Qənimət Zahidi cavabdehlikdən kənarlaşdırdı. İndi yalnız məndən şikayətə baxılacaq. Bilirəm ki, vəkillik fəaliyyətim və vətəndaş mövqeyim müəyyən dairələri narazı salır. Xüsusən də Zərdab-Ucar dairəsində seçki komissiyasının üzvü kimi fəaliyyətimdən narazı olan kəsim var. Mən o dairədə Ədalət Partiyasını təmsil edirəm. Məqsəd məni susdurmaqdır”.
Bir müddət öncə Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır, içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir. Bu açıqlama “Azadlıq” qəzetində də dərc olunub.
Növbəti proses noyabrın 5-nə təyin edilib.


Şərhlər