BƏXTİYAR HACIYEVLƏ NAZİRİ NƏ BİRLƏŞDİRİR? – “Birgə layihələr həyata keçirirdik” (VİDEO)

Təhsil naziri Emin Əmrullayev qalmaqallı çıxışı ilə hələ də sosial şəbəkələrin və medianın gündəmindədir.

Dolayısı ilə məktəblərdə şagirdlərdən və valideynlərdən pul toplanmasına bəraət qazandırması naziri kəskin ictimai qınağa tuş gətirib. Tənqidçilərin əsas arqumenti budur ki, nazirin hansı məqsədlə deməsindən asılı olmayaraq, qanunsuz pul yığımına "yaşıl işıq" yandırması təhsil müəssisələrini “bazara” çevirəcək. Bu günə qədər yarımgizli olan haqq yığımı açıq forma alacaq, bu da onsuz da ciddi böhran içində olan təhsil sistemini xaosa sürükləyəcək.

Tənqidlərlə bərabər Emin Əmrullayevi ciddi cəhdlə müdafiə edənlər də var. Belələrini hətta hakimiyyətə qarşı sərt müxalifət mövqeyində dayananlar arasından da tapmaq olar. Bu da nazirin personası, yüksək dövlət vəzifəsinə təyinatından əvvəlki fəaliyyətini yenidən gündəmə gətirir.

Qeyd edək ki, Emin Əmrullayev ABŞ-ın məşhur Kolumbiya universitetinin məzunudur, uzun illər vətəndaş cəmiyyətinin fəal nümayəndələrindən biri olaraq xarici donorlarla birgə çoxsaylı layihələr həyata keçirib.

Siyasi fəal Bəxtiyar Hacıyev də Musavat.tv-yə müsahibəsində bu məqamlara toxunub, onu müsbət xarakterizə edib, nazirlə birgə fəaliyyəti ilə bağlı maraqlı məlumatlar açıqlayıb. Bu zaman aparıcı Sevinc Telmanqızı ilə mübahisə də edib. B.Hacıyevin müsahibəsinin həmin hissəsini təqdim edirik: 

B.Hacıyev: ...rüşvət alan da var, verən də. Orta mətəblərdə açıq bazardı, fond pulu, süpürgə pulu, təbaşir pulu, jurnal pulu... hər şey yığırlar. Müəllimlərdən də, məktəblilərdən də, valideynlərdən də pul toplayırlar. 8 martda, başqa bayramlarda və s. Nazirin dediyi əslində daha yaxşı təklifdir ki, gəlin elə bir mexanizm quraq ki, məktəbin ehtiyacına uyğun, yaxud pul vermək istəyən şəxsin ianə verib istifadə edəcəyi şəffaf bir bir mexanizm olsun...

Aparıcı: Sizin dediyiniz model xaricdə olur, səhv etmirəmsə Emin bəy də xaricdə təhsil alıb...

B.Hacıyev: Bəli, Kolumbiya universitetində təhsil alıb..

Aparıcı: Oradakılarla bizim məktəb direktorlarını sadəcə gözünüzün qabağına gətirin. Xəz şubalı, hər sinifdən pul yığan, sinif otaqlarını icarəyə verən direktorları... Azərbaycanda yaşayırıq hamımız. Emin Əmrullayev də Marsdan gəlmədiyinə, Azərbaycan təhsil sistemini bildiyinə görə onun dediyi mexanizm mümkün deyil axı... Bunu əvəzinə "ağam mənə vur dedi" söhbəti olacaq... Nazirin "valideynlər də məktəblərin maliyyələşməsində iştirak etməlidir" sözünü əsas tutacaqlar.

B.Hacıyev: Axı, nazir deyib ki, şəffaf şəkildə olmalıdır. Əvvəla, nazirin demədiyi sözlər onun adından paylaşılıb... 

Aparıcı: Məsələn, hansı?

B.Hacıyev: Məsələn, "rüşvət leqallaşdırılmalıdır" fikri. Amma onun dediyi tamamilə fərqlidir. Emin Əmrullayev təhsil sektoruna gəlməzdən əvvəl bizim bərabər bir layihəmiz vardı. ABŞ-da fəaliyyət göstərən, "Təhsil və inkişaf" adlandırlan bir təşkilatın bir neçə ölkədə layihələrini həyata keçirirdik. Emin Əmrullayev də Azərbaycandakı koordinator idi. Layihənin adı isə "Şəffaf təhsil şəbəkəsi" idi. Emin Əmrullayevin təhsil sektoruna gəlməsi də şəffaf təhsil mesajı idi...

Aparıcı: Sizdən Təhsil Nazirliyinin yaxşı sözçüsü çıxar, onu özündən də yaxşı müdafiə edirsiz...

B.Hacıyev: Yox, yox...

"AzPolitika.info"


635x100

Şərhlər

Maqsud Gəncəli 2021-12-26 23:31:52

bextiyar haciyev.... Azerbaycanin NATO yanindakı daimi nümayəndəsi Qaya Məmmədovun yaxın qohumudur. HƏmin Qaya Mammadov gənclik illərində BAkı Dövlət Unviersitetindeki Yeni Azərbaycan Partiyası (YAP) Gənclər TƏşkilatının ən fəal üzvlərindən biri idi, bir tarafları indiki Hafiz Hacıyevə, digər tərəfləri isə Medinstitutu xaraba qoymuş Ahliman Əmiraslanovlara bağlıdır.

farid 2021-12-24 09:36:08

Ay bədbəxt millət. Bu nazirdən nə yapişmisiz. Misiri qaraladuz, Ceyxunu qaraladiz, indi də Əmrullayevdən yapişmisiz. Helə qaralaya qaralaya gedirsiz ona görə heç vaxt ag günə çixa bilməyəcəysiz. Çünki sizinki giybətdi və boşbogazliqdi

İ.Mustafaoğlu 2021-12-23 20:04:25

Bizim iqtisadi cəhətdən güclü dövlətimiz var. Dövlətimiz tərəfindən məktəblərə yetərincə maliyyə vəsaitləri ayrılır. Ayrılmış maliyyə vəasitləri öz təyinatı üzrə xərclənsə, məktəbə valideynlərin pullarına ehtiyac qalmaz. Məktəblərdə şagirdlər arasında pul söhbəti olmamalıdır, çünki varlı alideynlərin uşaqları ilə kasıb valideynlərin uşaqlarıda oxuyur. Məktəblərə savadlı kadrlar direktor vəzifəsinə təyin olmalıdır. Yoxsa kimin adamı varsa məktəbə onları direktor vəzifəsinə təyin edirlər. Məktəblərə qanuni qaydada direktor vəzifəsinə təyinat olarsa, məktəblərdə pul söhbəti ola bilməz ? Elə məktəblərimiz var ki, məktəbin direktoru 30-ildir ki, rəhbərlik edir ? İnzibati idarəetmədə 5-ildən bir rəhbərlik dəyişilməlidir, belə olarsa inkişafa qədəm qoymuş olarıq.

Vətəndaş 2021-12-23 18:59:53

Xarici ölkələrdə bizdə olan milsi-görünməmiş talan-qarət rüşvət yoxdur. Bizdə büdcədən təhsil adı ilə 100-lərlə milyonlar ayrılır.

Son yazılar