Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev haqqında cinayət təqibi başlayıb. Onun həbsi tələbi ilə xüsusi ittiham qaydasında qaldırılmış iddialar icraata götürülüb və məhkəmə baxışına verilib. Yanvarın 7-də Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.
Xüsusi ittihamçılar isə noyabrın 30-da "Qaraheybət" poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından sağ çıxan hərbçilər - polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilovdur.
Məhkəmə çəkişməsinə səbəb isə VİP sədrinin dekabrın 9-da "Youtube" platformasındakı "Osmanqızı" kanalında vertolyot qəzasını şərh edərkən səsləndirdiyi fikirlərdir. O bildirib ki, qəzanın necə baş verməsi haqda müsahibə verən bu iki hərbçinin hadisə vaxtı orada olduğuna inanmır.
Mahiyyət və tələb eyni olsa da, Cəfərov və Ədilov ayrı-ayrılıqda iddia qaldırıb. Bu üzdən iki ayrı məhkəmə iclasları keçirilib. Partiya sədri özü də, vəkili də yanvarın 7-də məhkəmədə vəsatət qaldırıb ki, bunlar bir icraatda birləşdirilsin. Lakin hakimlərin heç biri buna razılıq verməyib.
Əliyevin daha bir vəsatəti isə bu iddialar üzrə məhkəmə baxışına xitam verilməsi olub: "Mən bu adamların heç birini tanımıram, onların adlarını da çəkməmişəm. Mən ifadə azadlığımdan istifadə edərək düşündüyümü demişəm. Mən elə düşünürəm deyə, məni mühakimə etmək söz və ifadə azadlığının pozulmasıdır".
Partiya sədri vurğulayıb ki, onun vertolyot qəzası ilə bağlı fikirləri məhkəməyə təqdim edilən iddia ərizələrində təhrif olunub. Onun sözlərinə görə, sözügedən videokadrlara tam baxılsa, aydın olar ki, onun fikirlərində heç bir böhtan, qarayaxma əlaməti yoxdur.
Əliyevin bu vəsatəti də təmin olunmayıb. Hər iki məhkəmə iclasında qərara alınıb ki, xüsusi ittiham qaydasında qaldırılmış iddialar məhkəmə baxışına verilsin. Beləliklə, Əliyev təqsirləndirilən şəxs statusunda tanınıb.
Bu işlə bağlı məhkəmə araşdırmaları yanvarın 11-də və 13-də aparılacaq.
Xatırladaq ki, DSX zabitləri Əliyevin CM-in 147.1 maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum edilməsini istəyir.
"AzPolitika.info"


Şərhlər
Salam aleykuma ))))