Yanvarın 10-da Türkmənistanın Lebap vilayətinin Farap rayonunda 200-dək adam ərzağın bahalanması ilə əlaqədar yerli administrasiyaya gedib.
"AzPolitika.info" xəbər verir ki, bu haqda "Azadlıq" radiosunun Türkmənistan xidməti məlumat yayıb.
Ölkədə bu il yanvarın 1-dən mağazalarda bəzi güzəştli malların qiymətinin 7-8 dəfə bahalandığı xəbər verilir. Məsələn, bir litr pambıq yağının qiyməti 3 manatdan 24 manata qalxıb.
“Administrasiyaya yığışanlar deyiblər ki, subsidiyalı məhsullar olmasa, onların maaşları, pensiyaları, müavinətləri ilə yaşamaq çətinləşər. Onlar yanvarın 1-dən maaş, pensiya və müavinətlərin cəmi 10 faiz, subsidiyalı məhsulların qiymətinin isə 700-800 faiz qalxmasından narahatlıq bildiriblər”, – aksiyanın şahidi olmuş müxbir danışıb.
Az sonra 15 qara maskalı silahlı hərbçi administrasiyaya gələrək binanı mühasirəyə alıblar. Onlardan sonra gələn polis əməkdaşları isə, yerli sakinlərin deməsinə görə, onları güllələməklə təhdid edib.
Məlumatda qeyd edilir ki, ötən ilin sonundan hakimiyyət əhaliyə verilən güzəştli məhsulların həcmini azaltmağa, qiymətlərini qaldırmağa başlayıb.


Şərhlər