“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”

"Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib, bəziləri ümumiyyətlə satmır. Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə alır".

"AzPolitika.info" xəbər verir ki, bunları iqtisadçı, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. O, yuxarıda qeyd etdiyi paradoksu “tapmaca” adlandırır və onun cavabını tapmağa çalışır: "Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özləri də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi".

Devalvasiya olacaqmı? Əkrəm Həsənov deyir ki, böyük ehtimalla olmayacaq. O, bunun səbəbi kimi 2015-ci ildən fərqli olaraq neftin qiymətinin yüksək olmasını göstərir: "Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik, qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər".

Bəs onda nə baş verir? Ekspert yeganə ehtimal kimi kimlərinsə "qara bazar"a pas ötürdüyünü, yəni onu təşviq etdiyini güman edir: "Dollara çox ehtiyacı olan sahibkarlar naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20 000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu "qara bazar"ı".

Onlar kimlərdir? Ə.Həsənov "qara bazar"ı stimullaşdıranları “cinayətkarlar” adlandırır: "Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər. Misal üçün, məsələni yuxarılarda elə təqdim edirlər ki, guya bir güllə ilə iki quş vururlar:

1) Devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir. Sadə insanların xırda dollar ehtiyacları qarşılanır;

2) Valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır.

Mən bilmirəm, mövcud vəziyyəti kimlər yaradıb. Axmaqlar, canilər, yoxsa ingilisdilli qlamur "ağıllılar". Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət olunmalıdır. Rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir".

İqtisadçı vurğulayır ki, əks halda, dövlətə etimad azalır, xüsusən sahibkarlar tərəfindən. "Axı, son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz onlardır. "Qara bazar"a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan da onlardır. Əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən onlardır. Ən əsası isə, ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də", - Əkrəm Həsənov vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar