Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə Moskvada həbs olunub Bakıya gətirilən və təcridxanada vəfat edən Müşfiq Qurbanova qarşı 10 maddə ilə verilən ittihamın əsassız olduğu aydınlaşıb.
"AzPolitika.info" "azadliq.org"a istinadən xəbər verir ki, mərhum Qurbanovun işinə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu nəticəyə gəlib. Məhkəmənin hökmünə əsasən, ümumiyyətlə, onun Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmayıb. Ona görə də qəsdən adam öldürməyə cəhd və buna bənzər başqa maddələrin hamısı üzrə ona bəraət verilib.
Məhkəmə Qurbanovu 5 maddə ilə - sabiq icra başçısına sui-qəsddə suçlanan Yunis Səfərovla əlbir olub terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilib. Lakin öldüyünə görə ona cəza təyin olunmayıb.
Qurbanov məhkəmə qarşısında tək deyildi. O, Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxovla birlikdə mühakimə olunurdu. Sadıxova isə 11 maddə ilə bəraət verilib. Terrorçuluğa hazırlıq, dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd kimi və s. daha dörd ittiham isə CM-nin 307.3 (xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif olunub. Yəni Sadıxov son nəticədə yalnız cinayəti bilib vaxtında hüquq-mühafizə orqanlarına xəbər verməməkdə təqsirli bilinib. O, 4 il 6 ay azadlıqdan məhrum edilib.
Müşfiq Qurbanovun vəkili Zibeydə Sadıqova bu hökmlə də razı deyil. O, apellyasiya şikayəti verəcəyini bildirib. Vəkilin sözlərinə görə, hər iki şəxs haqqında bəraət hökmü çıxarılmalıydı: "Məhkəmədə dindirilənlərin hamısı deyirdi ki, biz bu adamları tanımırıq. Təsəvvür edin, Yunis Səfərovun özü də Müşfiqi tanımayıb. Müşfiq Qurbanov da, ümumiyyətlə, Gəncə işinə görə həbs olunanların heç birini tanımır. Hansı mütəşəkkil dəstədən, hansı terrora hazırlıqdan söhbət gedə bilər?".
Qurbanov 14 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkib. Sonradan onun ürəyində də problemlər yaranıb. 2020-ci il noyabrın 29-dan 30-na keçən gecə Bakı istintaq təcridxanasında ürək çatışmazlığından vəfat edib. Yusif Sadıxov Gəncədən Milli Məclisin deputatı Naqif Həmzəyevin sinif yoldaşı olub. Cinayət işinin materiallarında iddia olunur ki, Səfərov icra başçısı ilə yanaşı, deputatı, polis polkovniki Rasim Qurbanovu da qətlə yetirmək niyyətində olub.
"AzPolitika.info"


Şərhlər