Ağsu aşırımı, Bakı-Şamaxı və Muğanlı-İsmayıllı yolunda yağan qar avtomobillərin hərəkətini çətinləşdirib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax yolunun 65-ci km-dən başlayaraq Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.
Ərazidə xidmət aparan BDYPİ-nin YPX Alayının əməkdaşları Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə yolların qardan təmizlənməsi və avtomobillərin təhlükəsiz hərəkətinin bərpa olunması üçün müvafiq tədbirlər görür, eyni zamanda DYP əməkdaşları yolda qalan sürücülərə lazımi köməklik göstərirlər.
"Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsini, həmçinin qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların göstərilən ərazilərdə yola çıxmamasını xahiş edir", - məlumatda bildirilib.
Bildirilib ki, yağıntının davam etməsi ilə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində də buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.
Eləcə də Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin, Şamaxı-Dəmirçi avtomobil yolunda da davam edən yağıntı nəticəsində yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.


Şərhlər
cetinlesherde,,, hani yola baxanlar? pul yemeyi bilirler bashqa heczad!!!