“MEHDİYEV AZƏRBAYCAN ELMİNİN “DİLİNİ KƏSİB"" - "AMEA məhv olur, elm ocağında alver baş alıb gedir"

“AMEA prezidenti Ramiz Mehdiyevin xalqımıza xidmət edənlərdən nə istədiyini anlaya bilmirəm. Bu adam Azərbaycan elmini məhv edir”.

Bu sözləri Reyting.az-a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən son qalmaqallardan danışarkən deyib.

Sabiq nazir müavini əlavə edib ki, AMEA-nın Tarix İnstitutunun baş direktoru vəzifəsindən istefa ərizəsi yazmış Kərim Şükürovu hələ tələbəlik illərindən tanıyır: “Bir yerdə oxumuşuq, bir yerdə qalmışıq. O, hələ tələbə olarkən, bir neçə dil öyrənirdi. Kərim müəllim Ali Attestasiya Komissiyasında da çox yüksək mədəniyyət göstərdi, gənclərimizə dəstək verdi, köməkliyini əsirgəmədi”.

C. Nuriyev eyni zamanda sual da verib: “Hanı AMEA-dakı akademiklər? Niyə səsləri çıxmır? Mən onların yerinə olsaydım, xəcalət çəkərdim. Çünki hər biri bu ölkənin, bu millətin ödədiyi vergi hesabına ayda əlavə 2 min manat maaş alır. Əgər akademiklərimiz bu qədər dinməzdirsə, onda vay bizim halımıza”.

C. Nuriyevin iddiasına görə, R. Mehdiyev Azərbaycan elmini məhvə sürükləyib, AMEA-nın “dilini kəsib”: “İndi akademiyada danışan yoxdur. Beş-altı alimi çıxmaq şərti ilə digərləri bu susqunluğa görə utanmalıdır. Çünki ziyalı haqsızlığa susmamalıdır”.

Professor bildirib ki, o, AMEA sistemində işləyən şəxslərdən R. Mehdiyevə qarşı çıxmağı tələb etmir: “Amma həqiqəti desinlər. Görmürlər ki, Ramiz Mehdiyev AMEA-nı necə idarə edir? Harada görünüb ki, akademiyanın elmi-tədqiqat institutunun həm baş direktoru, həm də icraçı direktoru olur? Qardaşım, AMEA məhv olur, elm ocağında alver baş alıb gedir. AMEA-da çalışanlar buna etiraz etməlidir. Bu qədər yaltaqlıq və qorxaqlıq olar?”

C. Nuriyevin fikrincə, AMEA-dakı özbaşınalıqlara siyasilərin qiymət verməsi boş şeydir: “Bizi ittiham edərlər ki, məsələyə siyasi yöndən yanaşırıq. Amma bu elm sahəsidir, adam elmi məhv edir, milləti uçuruma aparır. Bu susqunluqla sanki Mehdiyevə yalvarırıq ki, akademiyanı məhv elə. Alimlər niyə susur? Bunlar Ramiz Mehdiyevin nəyinə aşiq olublar? Elminə, savadına? Azərbaycanda başqa alim yoxdur?”

C. Nuriyev sonda diqqətə çatdırıb ki, AMEA sistemində normal bir neçə alimimiz olsa da, bu elm ocağımız çox pis durumdadır.

635x100

Şərhlər

afiq 2022-01-28 21:15:34

Camaat akademiyada elm zad yoxdur,bu aşkardır,özü də SSRİ dagılandan bəri

qaraguruh 2022-01-26 19:24:44

məgər akademiya deyilən bir şey var --qocalar, müftəxorlar klubu--ora leğv edilməlidir--alimlik dərəcələri keyfiyyət və səmərəliliyinə görə yenidən qiymətləndirilməlidir

Veteran 2022-01-26 01:39:20

Alimlər onu Akademiyanın qapısından işəri buraxmamalı,onu oradan Rədd etməlidirlər.

Siracəddin 2022-01-24 21:40:32

Mehdiyevin təyinatını incələməyin mənası yoxdur.Bunlar hamısı bilərəkdən baş verir.

Seyid Ənhu 2022-01-24 20:47:15

Azərbaycan təkcə AMEA demək deyil....Heç millətin üzünə pərdəni aralayıb pəncərədən də baxmamısız. ...Həqiqət onu ən erkən söyləyəni bəzəyir, səkkizincini yox. Səkkizinci olmaq, hamı deyəni təkrarlamaq, haqqı söyləməyə gecikmək necə də pisdir.

Türk 2022-01-24 17:48:30

Ramiz Mehdiyevi oradan çıxarmalıdırlar...

Xudu 2022-01-24 14:06:49

Ramiz Mehdiyev Azərbaycan elmini darmadağın etdi. O. AmEA prezidenti olandan akademiya qara günlərə qalıb, tesevvur edin ki akademiyanin dünya qiymetlemdirme sistemlerinde yeri 30 pille gerileyib.

Samir 2022-01-24 14:05:15

Bu məsələnin həll edilməsi üçün SİQNAL vermək lazımdır. Bəlkə eşidilən...

MƏN 2022-01-24 14:00:05

Ziyalı yaltaq olanda,rəiyyət quyunun dibində olar

Son yazılar