“Paşinyanın razılığı ilə gömrük maxinasiyaları etmişəm...” - Baş nazirə qarşı korrupsiya ittihamı

Ermənistan Fövqəladə Hallar Ximətinin sabiq rəis müavini, polkovnik Boris Avaqyan sensasiyalı ittihamlarla çıxış edib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, hazırda Moskvada həbsxanada olan Avaqyan vaxtilə birgə işlədiyi hazırkı hakim komandanı korrupsiyada ittiham edib.

Ermənistanın “Hraparak” qəzetinə yazılı müraciət edən polkovnik ötən ay Rusiyada Ermənistan tərəfinin tələbilə həbs olunub. Ona qarşı gömrük rüsumlarının ödənilməməsi maddəsilə cinayət işi açılıb. Lakin Avaqyan iddia edir ki, onun hüquq-mühafizə orqanları tərəfindən hədəf seçilməsi Nikol Paşinyanın rəhbərlik etdiyi komandanın korrupsiya əməllərindən xəbərdar olması ilə bağlıdır.

Avaqyan bildirir ki, vəzifədə olarkən Nikol Paşinyanın razılığı ilə yüksək çinli məmurların gömrük maxinasiyaları həyata keçirməsinə kömək edib. Söhbət keçmiş Maliyyə naziri David Ananyan və Dövlət Gəlirləri Departamentinin rəis müavini Şuşanik Nersisyandan gedir: “2018-ci ilin iyununda onlar mənə kömək üçün müraciət etdilər və bildirdilər ki, bütün vəsaitlər hərbi kəşfiyyatın ehtiyaclarına yönəldiləcək. Mən inandım və kömək etdim. Lakin 6 aydan sonra başa düşdüm ki, vəsaitlər mənimsənilir və bununla bağlı bütün faktları o vaxtkı Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyana təqdim etdim. Məni 72 saatlıq həbs etdilər, lakin sonra azad etdilər və bildirdilər ki, Vanetsyan Paşinyandan Şuşanik Nersisyanın həbsinə dair razılıq almağa çalışır, lakin Paşinyan razılaşmır. Bu da azmış kimi, mənim Ermənistandan çıxmağıma qadağa qoyuldu ki, bildiyim informasiyanı dərc etdirməyim.”

Sabiq rəis müavini deyib ki, Vanetsyanın istefasından sonra iş xüsusi istintaq komitəsinə verilib. Avaqyan iddia edib ki, onda hakim komandanın korrupsiya əməllərilə bağlı digər faktlar da var və o, bütün bunları ictimailəşdirmək fikrindədir.

Lakin Avaqyanın bu iddialarına inananlar o qədər də çox deyil. Ən azından ona görə ki, Ermənistnda hakimiyyətə müxalif mövqedə duran ciddi media orqanları var və onun bildiyi məlumatları həmin orqanlara ötürmək imkanı olub. Ancaq necə olubsa, bu imkanlardan vaxtında, özü Ermənistanda olarkən istifadə etməyib. Digər yandan polkovnikin guya məlumatları ötürdüyü sabiq MTX rəisi Artur Vanetsyan artıq xeyli müddətdir vəzifəsindən istefa verərək müxalifətə keçib və müxalif siyasi qüvvəyə rəhbərlik edir. Əgər doğrudan da onun əlində Paşinyana qarşı ciddi korrupsiya faktları olsaydı, bu fürsətdən mütləq siyasi alət kimi istifadə edərdi. Nəhayət, Avaqyanın Ermənistanda yox, məhz Moskvada həbs edildikdən sonra Paşinyana qarşı ifşaedici iddialarla çıxış etməsi bu işdə Rusiya xüsusi xidmət orqanlarının barmağının olduğuna dair şübhələr yaradır...

Xatırladaq ki, daha öncə sabiq Prezident Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfiri və hazırda Avropada lyuks həyat sürən Mikael Minasyan da Paşinyanı və ailəsini korrupsiyada ittiham etmişdi. O, iddia etmişdi ki, Paşinyanın arvadı Anna Akopyan və onun qardaşı siqaret qaçaqmalçılığı ilə məşğuldurlar. Bu iddialara görə Paşinyanın ailə üzvləri Minasyanı məhkəməyə veriblər.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar