"Bəzən vəkilə deyirlər ki, get, icazə al, sonra müdafiəyə qoşul" - Anar Bağırov

"Son illər ərzində ölkəmizdə köklü şəkildə məhkəmə-hüquq islahatları həyata keçirilib. Məhkəmə-hüquq sektoru ilə bağlı qəbul olunmuş bir sıra sənədlər, o cümlədən Cənab Prezidentin 2019-cu ildə qəbul etdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı da ona yönəlib ki, insanların məhkəmələrə, ədalət mühakiməsinə inamı artsın".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” layihəsində qonaq olarkən deyib.

Sədr qeyd edib ki, vəkillər cəmiyyətdə və məhkəmə-hüquq sahəsindəki problemlərlə daha çox məlumatlıdırlar: "Biz həmişə deyirik ki, vəkillər ədalətin carçısıdır. Biz bu sözü təsadüfən demirik. Çünki cəmiyyətdə və məhkəmə-hüquq sahəsindəki problemləri ən çox bilən vəkillərdir. Onlar hər gün insanlarla ünsiyyətdə olur və insanlar səmimi olaraq bu problemləri vəkillərə bildirirlər. Peşəkar hüquqşünas olan vəkillər təbii ki, bu sahədə ən yaxşı təkliflər verən mütəxəssislərdir. Ona görə də islahatlar və qanunvericiliyə dəyişikliklər zamanı vəkillərin rəyi nəzərə alınmalıdır. Bu, işin faydasına kömək edir. Vəkillərin verdiyi rəy ilk növbədə insanların məmnunluğuna yönəlir".

A. Bağırov qanunvericilikdə müəyyən boşluqlar olduğunu da deyib: "Vəkillər Kollegiyasının mövqeyi ondan ibarətdir ki, tək cinayət işləri üzrə yox, vətəndaşlar mülki işlər üzrə də pulsuz hüquqi yardım ala bilsin. Bu təklif dövlətimiz tərəfindən bəyənilib və ümid edirəm ki, bu məsələ öz həllini tapacaq. Yəni, insanlar birinci instansiya və apelyasiya məhkəmələrində də mülki işlər üzrə ödənişsiz hüquqi yardım almaq imkanına malik olmalıdırlar.

Cinayət-Prosessual Məcəlləsində də boşluqlar var. Bilirsiniz, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin həbs olunduğu, cinayətdə ittiham olunduğu andan hüquqi yardım almaq hüququ təsbit olunub. Bu hüquq tam hüquqdur. Yəni, orada hər hansı məhdudiyyət və ya şərtlər nəzərdə tutulmayıb. Bizdə nə baş verir? Bəzən görürsən ki, vətəndaş vəkillə müqavilə bağlayır, ancaq vəkil öz müvəkkili ilə görüş zamanı müəyyən problem yaranır. Bəzən bu boşluq qanunvericilikdə olan müəyyən ziddiyyətlərdən irəli gəlir".

O vurğulayıb ki, vəkilin müdafiə prosesinə buraxılıb-buraxılmamasından söhbət gedə bilməz: "Vəkil kimisə müdafiə etməkdən ötrü heç kəsdən icazə almamalıdır. Bizdə isə bəzən icazə tələb olunur. “Deyirlər, get, icazə al, ondan sonra qoşul”. Bu, yolverilməzdir. Yenə deyirəm, bu qanunda olan boşluqlardan irəli gəlir. Əgər vəkilin kənarlaşdırılması üçün qanundan irəli gələn əsas yoxdursa, vəkil müdafiə prosesinə heç bir şərt, heç bir maneə, müdaxilə olmadan buraxılmalıdır. Təəssüflər olsun ki, bəzi hallarda problemlər olur və biz işçi qaydada onların həllinə çalışırıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar