"Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildiyi gündən apardığı uğurlu islahatları nəticəsində elmi müəssisələrdə bir canlanma baş vermişdir. Bəzi insanlar ya bunu görmür, ya da ki, görmək istəmir".
"AzPolitika.info" xəbər verir ki, bu sözlər AMEA-nın rəsmi saytında qurumun Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidovun məqaləsində yer alıb.
O, son günlər elm adamlarının mətbuatda Akademiya prezidenti Ramiz Mehdiyevi istefaya dəvət etməsi barədə yazılanlara münasibət bildirib. Xüsusən bu günlərdə Ramiz Mehdiyev haqqında sərt məqalə yazaraq onu tənqid etmiş tarix elmləri doktoru, professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Müseyibliyə cavab verib: "Məlumat üçün bildirim ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktoru səhhətinə görə öz ərizəsi əsasında vəzifəsindən azad olunduqdan sonra direktor müavini Nəcəf Müseyibli bir ay müddətində institutda direktor vəzifəsini müvəqqəti icra etdi. AMEA Rəyasət Heyəti tərəfindən plana görə 5 illik audit yoxlaması ortaya çıxardı ki, institutun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin rəhbəri Qoşqar Qoşqarlı büdcədənkənar gəlirlərin hesabatının aparılması, bölüşdürülməsi və hətta büdcəyə əl uzadılması işlərini elmi işlər üzrə direktor müavininin iştirakı ilə edib. Ona görə də qeyd olunan səbəbdən onların hər ikisi öz ərizələri ilə tutduqları vəzifədən azad olundu. Bu iki nəfərin fəaliyyəti dövründə instituta vurduqları ziyan sadalansa, elmi işlər üzrə keçmiş direktor müavininin internet resursları vasitəsilə yaydığı şər və böhtanların haradan qaynaqlandığı məlum olar.
Qeyd etmək yerinə düşər ki, Nəcəf Müseyibli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna baş direktor seçilmədiyi üçün, Akademiyanı “kriminal” dolu bir məkan adlandırır. Bu deyim Azərbaycan Milli Elmlər Akademiyası haqqında olan yanlış bir ittihamdır".
Qeyd edək ki, A.Seyidovun belə bir məqalə yaznması və Akademiyanın rəsmi saytının manşetində dərc edilməsi təsadüfi deyil. Şübhəsiz ki, bu, Mehdiyevin son günlər artan istefa tələblərinə dirənişinin təzahürüdür.
AMEA-nın saytında R.Mehdiyevin dirənişini əks etdirən daha bir məqalə kimi dünən - fevralın 2-də Rəyasət Heyətinin iclası barədə reportaj göstərmək olar. Materialda iclas iştirakçılarnın adları bir-bir sadalanır, daha sonra müzakirə edilən məsələlər barədə geniş informasiya verilir. Reportajda qeyd olunur: "...İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru Fərman Quliyev, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və aidiyyəti şəxslər iştirak ediblər".
R.Mehdiyev ilk növbədə bu təqdimatla göstərməyə çalışır ki, AMEA-nın rəhbər heyəti onun yanındadır və onun fəaliyyətini dəstəkləyir. İkincisi, o istefa tələblərinə əhəmiyyət vermədiyini nümayiş etdirməklə yanaşı AMEA-da işgüzar əhval-ruhiyyə barədə təsəvvür yaratmağa cəhd edir.
Qeyd edək ki, Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayının 23-də AMEA prezidenti seçilib. Qurumun Nizamnaməsinə görə, Akademiyanın prezidenti Akademiyanın ümumi yığıncağında səsvermədə iştirak edən həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Deməli Mehdiyevin hələlik 3 ilə yaxın səlahiyyət müddəti qalıb.
Nizamnaməyə görə ildə bir dəfədən gec olmayaraq aprel ayında Akademiyanın Ümumi yığıncağı çağrılmalıdır. Bu toplantıda AMEA-nın ən mühüm məsələləri üzrə qərarlar qəbul edilir. O cümlədən;
Akademiyanın Ümumi yığıncağı tərəfindən seçilmiş Akademiyanın prezidentini həmin vəzifədə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir;
Akademiyanın prezidentini, vitse-prezidentlərini, akademik-katibini, Rəyasət Heyətinin digər üzvlərini Ümumi yığıncaqda iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə seçir və elmi bölmələrin akademik-katiblərini Rəyasət Heyətinin üzvləri kimi təsdiq edir;
Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvləri bu Nizamnaməyə uyğun olaraq öz vəzifələrini yerinə yetirmədikdə onların fəaliyyəti Akademiyanın ümumi yığıncağında müzakirə olunur və nəticəyə dair qərar qəbul edilir;
Akademiyanın Rəyasət Heyəti Akademiyanın ümumi yığıncağının keçirilməsinə azı 60 təqvim günü qalmış ümumi yığıncağın keçirilmə vaxtını elan edir.
Beləliklə, AMEA-nın Ümumi yığıncağına cəmi 2 ay vaxt qalıb. Nizamnaməyə görə, Rəyasət Heyəti bu günlərdə onun vaxtını və müzakirə ediləcək məsələləri ictimaiyyətə elan etməlidir.
Sonda onu da qeyd edək ki, AMEA nizamnaməsində qurmun prezidentinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Ümumi yığıncaq Akademiya üzvlərininin fəaliyyətini qiymətləndirib onlar haqqında qərar verə bilər, amma qurumun rəhbəri bu sıraya aid deyil.
Nizamnaməyə görə Akademiyanın yenidən qurulması və ya ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin qərarı olmadan həyata keçirilə bilməz.
"AzPolitika.info"

Şərhlər
Ulu önderimiz, dahi Heyder Əliyev belə situasyalarda deyərdi: mövqeyini bildir.
Düşünürəm ki, akademikden tutmuş elmi işçiyə qədər her kes bu problemlə bağlı öz mövqeyini bildirmelidir
Onu 2 ay yox, 2 saatda saxlamaq olmaz .Hər dəqiqəsi ziyanlıdır.Arxivləri tam məhv edə və ya saxtalaşdıra bilər.
Cənab Prezident! Xahiş edirik bu qoca qulduru AMEA-dan. göndərin.
AMEA -da prezident vezifesini ixtisara salmaq lazimdir.
Təbii ki, bizim xalq olaraq xahişimiz cənab İlham Əliyevdəndir ki, ramizi oradan gğndərsin....