Cavanşir Feyziyev ətrafında cərəyan edən hadisələr bir daha Azərbaycan parlamentinin nüfuzu məsələsini gündəmə gətirdi. İstər Böyük Britaniya Məhkəməsinin məlum qərarı, istərsə də Feyziyevin bundan sonrakı isterik davranışları, mətbuatın aparıcı isimlərini təhqir edərək, müxtəlif ağır cinayətlərdə suçlaması Milli Məclisə çirkli biznes sahiblərinin, təsadüfi və qeyri-adekvat şəxslərin düşməsinə dair illər boyu mövcud olan təsəvvürləri daha da gücləndirmiş oldu. Həmçinin, Feyziyevə mətbuat tərəfindən verilən cavabların bir ucu təbii olaraq, parlamentə də dəyir...
İlk öncə, Azərbaycan-Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının rəhbəri də daxil olmaqla müxtəlif parlament strukturlarında təmsil olunan bu adamın Böyük Britaniya məhkəməsinin çıxardığı qərardan sonra özünün könüllü olaraq istefa verməsi və mandatla vidalaşması gərək idi. Ancaq Azərbaycanda istefa mədəniyyətinin formalaşmadığını nəzərə aldıqda, Feyziyevin öz xoşu ilə istefa verəcəyi, ya da heç olmasa səhvini, günahını etiraf edəcəyini düşünmək sadəlövhlük olardı...
Nəticədə özündən arxayınlıq həddi qıcqıran bu deputat “ayıbına kor olmaq” əvəzinə onun barəsində çıxarılan məhkəmə hökmü barədə məlumatı paylaşan və bunu şərh edən mətbu orqanların rəhbərlərinə qarşı açıq təhqir və cinayət ittihamları ilə çıxış etdi. Lakin maraqlıdır ki, başqa vaxt özlərini mətbuatın dostu kimi göstərən, hansısa çıxışının dərc edilməsi üçün mətbu orqanların qapılarını döyən, bəzən hətta onları dəng edən millət vəkillərinin əksəriyyəti susur...
Təbii ki, burada kimdənsə öz həmkarını hansısa məişət səviyyəli hərəkətə, xətaya, şəxsi məsələyə və s. görə qınaması tələb olunmur. Söhbət bir millət vəkilinin bütünlükdə Milli Məclisin nüfuzuna, ümumilikdə parlament institutuna vurduğu zərərdən, zərbədən gedir!

Britaniya məhkəməsinin Feyziyevlə bağlı qərarı zatən Azərbaycan parlamenti üçün böyük bir ləkə idi. Ancaq bu da azmış kimi, adam hələ mətbuatın üzərinə də yeriyir və parlamentin nüfuzuna daha bir zərbə vurur. Dövlətçilik təfəkkürü, parlament təəssübkeşliyi olan istənilən millət vəkili bu başa bəla deputata layiq olduğu münasibəti göstərməli idi...
Yəqin çoxları anlayırlar ki, bu məsələdə artıq “həmkar təəssübkeşliyi”nin yeri yoxdur və Feyziyevin məsələn, bir qapaza “qurban” gedən Eldəniz Səlimovdan heç nəyi yox, yalnız pulu artıqdır. Onun da parlamentin intizam komissiyasının keçirəcəyi bircə iclaslıq “canı” var. Ancaq belə görünür ki, bütün sahələrdə olduğu kimi, burada da pul, imkan, mövqe amili müəyyən dərəcədə öz sözünü deyir. Hamı bilir ki, ingilislərin müsadirə etdiyi 5 milyon “halal biznesmen” Feyziyevin nəinki bütün varidatının, təkcə xaricdəki maliyyə vəsaitlərinin bəlkə də heç 1 faizi qədər deyil. Yəqin bu səbəbdən heç bir deputat Feyziyev kimi imkanlı həmkarı ilə “üz-göz” olmaq istəmir...
Bütün bunlar isə onu göstərir ki, deputatların bir çoxu üçün parlamentin, dövlətin maraqları Feyziyevlə münasibətlərdən xeyli aşağıda durur!
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Cavanşir Feyziyevin ən böyük bəlası Salamov Akifi özünə köməkçi etməsidir !
Deputatların sayının artırılması təklifini rədd edib, deputatların işləmək qabiliyyətini yoxlamaq lazımdır.
Deputatlar hamsi biznesmendir.Kasibi Hele feyziyevdir
Cəlal bəy,susqunluğun iki səbəbi var.Birinci qrup deputatalar sifariş olmasa danışmaz.İkinci qrup deputatlar Feyziyevin yolunda olduğu üçün susurlar.
Feyziyev tam arxayındır özünün cəzasız qalacağından!
Maraqlıdır görəsən ikinci Qarabağ müharibəsində milyonlar sahibi Qarabağ Fonduna nə qədər vəsait köçürüb?
“Bütün bunlar isə onu göstərir ki, deputatların bir çoxu üçün parlamentin, dövlətin maraqları Feyziyevlə münasibətlərdən xeyli aşağıda durur!”- inanmıram, öz prinsipial mövqeləriylə seçilən Madər, Fazil, Fəzayıl, Qüdrət, Elşən, Siyavuş, Asim, Rasim, Naqis beyler öz fikirlərini bildirəcəklər, komanda verilən kimi.
Tam doğrudur! Dəstəkləyirik Cəlal müəllim!
Yazi cox beyendim, dusundurucu yazidir.
xaricə pul daşıyan, xaricdə haram əldə etdiyi pullarla mal.mülk sahibi olan , gələcəyini Azərbaycanda görməyərək evladların xarci ölkələrdə saxlayan və işlədən deputat.nazir və digər məmurlarla ciddi davranmalı,belə hallara qarşı kəskin mübarizə aparılmalıdır.Bu büdcə oğruları,rüvətxorlar ölkənin mal.dölətini xaricə daşıyır,işlərində qanunsuzluğa yol verirharam pullar əldə edib insanlara yuxarıdan aşağı baxırlar.Bunun qarşısı mütləq alınmalıdır.
Həmkarlarına görə deyil.Sadəcə hamısı belə işlərə məşğul olduqlarından öz fikirlrini bildirmirlə.Yəni onların çoxu Feyziyevdən də artıq öz deputat işlərini kənara atıb biznes,monopoliyası,alveri,pl transferləri ilə məşğul olanlardır.Nəzarət, qanun bəziləri üçün işləməyəndə belə halların ba verməsi adi haldır.necə və nə üçün deputat siyahisinə salındıqlarını onlar özləri də,millət də yaxşı bilir.Ancaq siyahi tərtib edənlər hələ (Məzahir Pənahov icraçıdır ) də kölgədə saxlanılır.