Ukrayna hərbçiləri işğal olunmuş Krımdan irəliləyən Rusiya hərbi texnika karvanını məhv edib. Unian-a istinadla xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Krım yarımadasından Ukraynanın digər ərazisinə keçmək istəyən Rusiyanın hərbi karvanını “Bayraktar” TB2 vuraraq sıradan çıxarıb.

Bu barədə Türkiyənin hərbi “Clash Report” nəşri məlumat yayaraq görüntüləri təqdim edib.

Qeyd edək ki, “Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv görüntülərini yaymaqla məşhurlaşıb.

Xatırladaq ki, daha öncə Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-35 qırıcısını məhv etməsinin videosu yayılmışdı.

"Bizimkilər Xerson vilayətinin Bolşiye Kopanıda Krımdan irəliləyən Rusiya texnikası karvanını bombalayıblar”, - Memagram Twitter-də yazır.

***

Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.

“Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, - məlumatda vurğulanıb.