“Kiyevi mühasirəyə almaq istəyirlər, amma əlbəttə ki, o, mühasirəyə alınmayıb. Rus qoşunlarının ən böyük toplaşması Kiyevin şimal-qərb istiqamətində müşahidə olunur. Ona qarşı bizim artilleriya və aviasiya işləyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç Rusiyanın “Dojd” telekanalına müsahibəsində deyib.

Arestoviç bildirib ki, Prezident Volodimir Zelenski Kiyevdədir və Orduya rəhbərliyi həyata keçirir. Ona evakuasiya təklif olunsa da, heç yerə getmir.

O, həmçinin NATO-nun yardımından danışıb: ”NATO ölkələrindən hərbi yardım gəlir. Həmçinin, 6.4 milyard dollarlıq iqtisadi yardım paketi barədə müzakirələr gedir”.

Döyüşlər barədə danışan Arestoviç əlavə edib: “Say və keyfiyyət baxımından rus hərbi qruplaşması Ukrayna üzərində üstünlüyə malik deyil. Onun yalnız qəfillik sarıdan üstünlüyü olub və bütün hərbi kampaniyanı “şok terapiyası” üzərində qurub. Lakin bu, alınmadı, bizdə heç kim qorxmur, nə mülki vətəndaşlar, nə də hərbçilər. Bu baxımdan plan işləmədi. Rusiya qısa müddətdə, yardım gələnə, sanksiyalar işə düşənə qədər effekt qazanmaq istəyirdi. Artıq yardım gəlir, ehtiyatdakı hərbçilər orduya qoşulur. Məncə, bu gün, sabah və birisigün həlledici an olacaq. Rusiya maksimal şəkildə müqavimətimizi qırmağa çalışacaq, biz isə bu planı pozmağa çalışacağıq… Rusiya bütün rezervlərini buraya cəlb edib, artıq manevr imkanları məhduddur, geniş addım ata, uzağa uça bilmir”.

“AzPolitika.info”