"Ukraynanın hər üç mobil operatoru, "Vodafone", "Kievstar" və "Lifecell" işğala qarşı demək olar ki, birləşiblər və vahid nöqtədən, kordinasiya olunmuş idarəetmə var".
"AzPolitika.info" xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
"Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi açıqlayıb ki, mobil operatorlar aidiyyatı dövlət qurumları ilə birgə Ukrayna ərazisində Milli Rouminq Sistemini də işə salıblar",- o əlavə edib.
Ekspertin sözlərinə görə, milli rouminq sistemi vasitəsilə istifadəçilər hansısa bir operatorun şəbəkəsi sıradan çıxarsa, dərhal digər operatorların şəbəkəsinə qoşulmaq imkanı qazanıb: "İstifadəçi bunu telefonda sadə tənzimləmə ilə həyata keçirə biləcək. Milli rouminqdə bəzi xidmətlərin aktiv olmayacağı da bildirilib. Xatırladıram ki, son zamanlar Rusiya ordusu Ukrayna üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya sistemlərini sıran çıxarmağa çalışır. Baş verənlər göstərir ki, Ukraynanın dövlət və özəl sektoru istənilən kritik anlarda bütün qüvvələri işğala qarşı birləşdirərək optimal həllər tapa bilirlər. Mobil operatorlar rabitənin və mobil internetin əlçatanlığı və dayanıqlığı üçün, baza stansiyalar sıradan çıxan ərazilərdə bərpası üçün böyük fədakarlıqlar göstərirlər".
O.Gündüz bildirir ki, hələlik bu ölkədə telekommunikasiya və rabitədə, internetdə ciddi problemlər olmayıb. Onun sözlərinə görə, alternativ olaraq "Starlink" peyk internet xidməti də işə salınıb və kritik sahələr bu tip internet bağlantısı ilə təmin edilib.
"AzPolitika.info"


Şərhlər