Türkiyə mediası təhlükəsizlik güclərinin kürdlərin ölkədən çıxmasına şərait yaratdığını vurğulayır
“Kobani yolunda şou göstərən peşmərgə qorxub qaçdı”. Türkiyənin tirajlı “Yeni Akit” qəzeti son günlər İŞİD-ə qarşı vuruşmaq üçün kürdlərin Kobani şəhərinə getməsi ilə bağlı son durum xəbərinə belə başlıq seçib.
Qəzet yazır ki, quzey İraqın kürd yönətiminin təşəbbüsü ilə Suriyanın Əyn-əl Ərəb (kürdcə Kobani) şəhərinə göndərilən 9 peşmərgə dəstədən ayrılaraq qaçıb, bir hissəsi isə xəstələnmə bəhanəsi ilə İŞİD-in üzərinə getməkdən imtina edib: “Şanlıurfanın Suruç kəndində bir müddət gözləyən peşmərgələrdən bəziləri xəstə olduqlarını bildirərək dəstədən ayrılıb. Şahidlər İŞİD-lə mübarizəyə üçün yola çıxanlardan 9 nəfərin qaçdığını deyir. Peşmərgələrin Türkiyədən gedişinə təhlükəsizlik və lojistik dəstəyi verənlər “fərarilər” qarışıq peşmərgələrin ilginc olaylarına şahidlik edib.
Onların dediyinə görə, çərşənbə axşamı Haburdan başlayan bir neçə saatlıq yoldan sonra Şanlıurfaya yaxınlaşan peşmərgələr fasilə vermək qərarına gəliblər. 21.30-da Şanlıurfa yaxınlığında hərəkət dayanıb. Təhlükəsizlik qüvvələrinin də zirehli maşınlarla müşayiət etdiyi peşmərgələrdən 9-u yemək fasiləsi zamanı səssiz-sədasız yoxa çıxıb. 9 nəfərin itdiyi bəlli olandan sonra təhlükəsizlik qüvvələri tualetlərə qədər, bütün ətraf tikililəri axtarsa da peşmərgələri tapmayıb. Bunun ardından fərarilik edənlərin yaxın kəndlərdə axtarılması üçün həmin ərazilərdəki təhlükəsizlik qüvvələrinə xəbər verilib”.
Türkiyənin təhlükəsizlik qüvvələri 9 peşmərgəni yaxınlıqdakı dağlıq ərazidə yaxalaya bilib: “Yerli əhali içərisində onları görən olubmuş. Onların söylədiyi iz ilə dağlara çıxan təhlükəsizlik güclərinin təmsilçiləri 9 nəfəri meşədə tapıb. Saxlanarkən peşmərgələr İŞİD-lə vuruşmaq üçün Kobaniyə getmək istəmədiklərini desələr də, onları zorla yenidən Kobaniyə gedən dəstəyə qoşublar”.
“Yeni Akit” in bu xəbəri eyni zamanda Türkiyə iqtidarının PKK-nı zəiflətmək üçün İŞİD faktorundan yararlanması haqqında çoxsaylı iddiaları da təsdiq edir.


Şərhlər