Menu

“Ukraynada dinc insanları bombalayan Qarabağda sülhməramlı ola bilməz” – Deputat Rusiyanı ittiham edir

11.03.2022, 18:05
“Ukraynada dinc insanları bombalayan Qarabağda sülhməramlı ola bilməz” – Deputat Rusiyanı ittiham edir

Rusiyanın Ukraynaya hücumu Azərbaycanda Rusiya sülhməramlıları ilə bağlı mövzunu yenidən gündəmə gətirib. Dünən, martın 10-da isə Ukrayna Prezidenti ofisinin müşaviri Aleksey Arestoviç mediaya açıqlamasında iddia edib ki, Qarabağa sülhməramlı kimi daxil olan rus hərbçilərin bəzisi Ukraynada əsir düşüb.

Azərbaycanda da sosial şəbəkələrdə həmin sülhməramlıların bir hissəsinin Ukraynaya aparılması ilə bağlı iddialar yer alır. Amma belə iddialar indiyə kimi nə Azərbaycan hökumətindən, nə də Rusiya Müdafiə Nazirliyindən təsdiqlənib.

Bütün bunlarla paralel, son günlər Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda qanunsuz silahlı dəstələrin təxribatlar törətdiyini bəyan edir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Azərbaycan ərazisinə daxil olan Rusiya hərbçilərini sülhməramlı kontingent kimi qəbul etmir: "Çünki əməlləri sülhməramlı deyil. Onlar sülhməramlılıq missiyasına ləkə gətirən bir qrup hərbi kontingentdir. Onlar bizim ərazimizdə uzun illərdir kök salmış separatçı qurumun fəaliyyət göstərməsinə himayədarlıq edirlər və şərait yaradırlar".

Deputatın sözlərinə görə, İkinci Qarabağ müharibəsinin bitməsindən 1 il 4 ay keçməsinə baxmayaraq, hələ də Ermənistana məxsus silahlı birləşmələrin bir neçə minlik hissəsi Azərbaycan ərazisində qalmaqda davam edir: "Hələ də Rusiya hərbi kontingenti onlarla sıx əməkdaşlıqdadır və onların təminatında, təlimatlandırılmasında, onların bizim ərazimizdə bu günə qədər qalmasında fəal iştirak edirlər. Elə çıxır ki, maraqlıdırlar".

Komitə üzvü bildirib ki, Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiklərini görür: "Doğum evini bombalayırlar, xəstəxanalar bombalanır, uşaq bağçaları, məktəblər. Dinc əhali, Ukraynadan çıxmağa çalışan qadınlar, uşaqlar əlacsızdırlar, yollarda bombalanır. Belə bir əməlin sahibi olan dövlətin bizim ərazimizdə sülhməramlılarının olması, mənə elə gəlir ki, gələcəkdə bizim üçün də müəyyən problemlər yarada bilər".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol