Hüquq müdafiəçisi vergilər naziri Fazil Məmmədova yazılı müraciət edib

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov Bakı ərazisində yerləşən daş karxanaları ilə bağlı araşdırma aparıb. Sensasion məlumatlar əldə edən hüquq müdafiəçisi daş karxanalarıdakı çoxmilyonluq vergi yayınmaları haqda vergilər naziri Fazil Məmmədova məktub yazıb, oradakı vergidən yayınmaların necə baş verməsini detalları ilə göstərib.

Ona nazirin müşaviri cavab verib və fakt istəyib. Hüquq müdafiəçisi  musavt.com-a deyib ki, faktlar göz qabağındadır və təqdim etdiyi məlumatları vergi əməkdaşları ilə birgə araşdırmağa hazırdır: “Bu o qədər böyük cinayətdir ki, gizlətmək istəsələr belə bu mümkünsüzdür. Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən daş karxanalarında minimum 1500 ədəd mişar daşı kəsən kombayn fəaliyyətdədir. 1 ədəd kombayn 1 kub metrdən 20 ədəd mişar daşı istehsal edir. Bu da o deməkdir ki, 1 kombayn 1 ay ərzində 200 min ədəd mişar daşı kəsir. Bir mişar daşı sahibkara 12 qəpiyə başa gəlir, 25 qəpik isə gəlir verir.

1 ay ərzində 1 kombayn 50 min manat gəlir gətirir. Deməli, 1500 kombayn 1 ayda 75 milyon, il ərzində 900 milyon manat gəlir gətirir.

Bu da o deməkdir ki, daş karxanalarına sahib olan hüquqi və fiziki şəxslərin 1 il ərzində gəlirləri 30 min manatdan artıq olduğu üçün 18 faiz əlavə dəyər vergisi ödəməlidirlər. Yəni 1 il ərzində 162 milyon ƏDV ödəməli idilər. Lakin, apardığım araşdırmalardan mənə məlum olub ki, ümumiyyətlə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən daş karxanalarında heç bir fiziki və hüquqi şəxs sadəcə ƏDV ödəmir. O da mənə məlum olub ki, daş karxanalarında fəaliyyət göstərən fiziki və hüquqi şəxslər bir kombayna görə hər ayda yerli vergi nümayəndələrinə 2 min manat nəğd şəkildə verməklə öz gəlirlərini gizlədə bilir, ƏDV ödəmirlər. Bir neçə məmur fiziki və hüquqi şəxslərdən 1500 kombayn fəaliyyəti ilə əlaqədar il ərzində ƏDV yolu ilə dövlətin büdcəsinə 162 milyon ödətməkdən bundan yayınır. Bu yayınma bir neçə məmurun cibinə ildə 36 milyon manat nəğd pul gətirir. Son 10 ili hesablayanda, qeyd etdiyim karxanalarda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər 1 milyard 620 milyon manat, Vergilər Nazirliyinin və yerli vergi əməkdaşları ümumilikdə 10 il ərzində 300 milyon 600 min manat əldə ediblər".

B.Məmmədov deyir ki, daş karxanalarının kombaynlara texniki xidmət, kombaynların ehtiyat hissələrinin satışı, həmin hissələrin gizli istehsalı ilə məşğul olan yüzlərlə dükanlar, emalatxanalar və sexlər də ƏDV-dən yayınır: “Daş karxanalarının gəliri rəsmiləşdirilmir deyə, belə qeyri-rəsmi fəaliyyət göstərən dükan, emalatxana və sexlərin də fəaliyyəti kölgədə saxlanılır. Belə dükan, sex, emalatxana sahibləri il ərzində 20 milyon manatı ƏDV-dən yayındıra bilirlər”.

B.Məmmədov daş karxanalarında texniki təhlükəsizlik xidmətlərinin yox dərəcəsində olmasına diqqət çəkir: “Daş karxanalarında son illər ölüm hadisələri çoxalıb. Bədbəxt hadisə zamanı dünyasını dəyişən fəhlənin sahibini ələ alıb 40-50 min manat xərcləməklə məsələni ört-basdır edirlər. Heç biri cinayət məsuliyyətinə cəlb olunmur, cəzasız qalırlar”.

Hüquq müdafiəçisi karxanalarda istifadə olunan kombaynların əsas hissələrinin qaçaqmalçılıq yolu ölkəyə gətirildiyini qeyd edir: “Bu səbəbdən dövlətin həmin hissələri istehsal edən Bakı Metallurgiya Zavodunun bir çox sexləri öz fəaliyyətlərini dayandırıb, yüzlərlə insan öz iş yerlərini itirib”.

B.Məmmədov yazır ki, bu faktlar barədə 16 sentyabr 2014-cü ildə və 8 oktyabr 2014-cü ildə vergilər naziri Fazil Məmmədova yazılı müraciət edib. Hər iki müraciətə baş vergi xidməti müşaviri İlqar Əhmədov cavab məktubu yazıb: “Cavab məktubunda çox gülünc məzmunda bildirir ki, Vergilər Nazirliyinə ünvanladığım müraciətdə göstərilənləri təsdiq edən rəsmi sənədlər olmadığından vergi nəzarəti tədbirlərinin keçirilməsi mümkün deyil. İlqar Əhmədov müraciətimdə göstərdiyim cinayət faktlarını yerindəcə araşdırmaq əvəzinə dövlət büdcəsindən yayındırılan, oğurlanan 162 milyon ƏDV ödətmək əvəzinə, 36 milyonu rüşvət yolu ilə xalqın, millətin, dövlətin əmlakının oğurlayan məmurların əməllərini ört-basdır edir.

Hələ SSRİ dövründə qeyd etdiyim daş karxanalarında ancaq məhkumlar işləyirdilər və hökumətə milyard rubllarla gəlir gətirirdilər.

Onlara mühəndislər nəzarət edirdi. Ona görə də həmin dövrlərdə daş karxanalarında ölüm hadisələri təsadüf nəticəsində baş verərdi.

Onu da bildirirəm ki, 70 il ərzində SSRİ hökumətindən xalqımıza qalan mazut gölməçələrinin qurudulmasından ötrü dövlətimiz milyon manatlarla pullar xərcləyir. Əgər Bakıdakı daş karxanalarında qeyd etdiyim korrupsiya cinayət faktlarının qarşısı alınmazsa, tezliklə həmin daş karxanalarının yerində gələcək nəsil üçün yararsız torpaq sahələri, qayalıqlar, yarğanlar, xəndəklər, toz təpəcikləri, gölməçələr miras qalacaq. Təkrar olaraq dövlətimiz heç bir səbəb olmadan gələcəkdə milyon manatlar xərcləməklə həmin yararsız əraziləri abadlaşdırmağa məcbur olacaq. Halbuki, qeyd etdiyim daş karxanalarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bu gün bir amalı var; necə olursa olsun varlanmaq, onları nə dövlətimizin iqtisadiyyatı, nə də bugünkü və gələcək nəsil maraqlandırmır. Odur ki, tam məsuliyyətimlə vergilər naziri Fazil Məmmədova bildirirəm ki, apardığım araşdırmam təkzib olunmaz faktlardır və müraciətimdə göstərdiklərimi real araşdırma və yoxlama aparılarsa sübuta yetirməyə hazıram".

B.Məmmədov araşdırmalarda iştirakının təmin olunmasını da istəyir.