Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, bu gün Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən yeni kommunikasiya bağlantısının nəqliyyat və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağı xüsusi vurğulanıb.
“Dövlət başçısı bu əhəmiyyətli nəqliyyat-kommunikasiya layihəsini daim diqqət mərkəzində saxlayır, onun icrası ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilir. Bu layihənin həyata keçirilməsi nəticəsində uzun illər ərzində Ermənistanın Naxçıvanı blokadada saxlanması siyasətinə son qoyulacaq. Azərbaycanın iki regionu - Şərqi Zəngəzur və Naxçıvan arasında İran ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə bağlantısı yaradılacaq”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Bildirilib ki, bununla bərabər, layihə bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu çoxtəyinatlı yeni dəhlizin əsasını qoyur.
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin, Prezident İlham Əliyev tərəfindən "dostluq sərhədi" adlandırılan Azərbaycan-İran sərhədinin ölkəmizə aid hissəsinə nəzarətin təmin edilməsinin bu nəqliyyat-rabitə layihəsinin həyata keçirilməsinə imkan yaratdığını vurğulayan Hikmət Hacıyev deyib: “Anlaşma Memorandumunun imzalanması Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf edir. Bu layihənin gerçəkləşməsində Azərbaycan ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır.
Əminik ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaqdır”.


Şərhlər
BƏS ZƏNGƏZUR DƏHLİZİ HARA GETDİ? KİM ATDI BU LAYİHƏNİ ORTAYA? BƏS NİYƏ BİZ ERMƏNİLƏRƏ ÖZ ƏRAZİMİZDƏN YOİL VERMİŞİK ONLARSA BUNU ETMİR? ƏKSİNƏ, BİZƏ YANIQ VERƏ-VERƏ GÖZÜMÜZÜN ÖNÜNDƏCƏ LAÇIN DƏHLİZİNDƏN RAHATCA DƏDƏ MALI KİMİ İSTİFADƏ EDİRLƏR.HEÇ BİZİ SAYMIRLAR DA. BİR-BİRLƏRİNƏ QONAQ GEDİB-GƏLİRLƏR.KEFLƏRİ ƏVVƏLKİNDƏN DƏ KÖKDÜR. BU NECƏ BÖLGÜDÜR? NECƏ ƏDALƏTDİR? BUNA KİM RAZI OLA BİLƏR? MƏSƏLƏ TƏKCƏ QURUCA YOLDAN GETMİR.HƏM DƏ MİLLƏTİN ŞƏRƏFİNDƏN GEDİR. HADİ BİZ HEÇ BİR SƏNƏD GÖSTƏRMƏDƏN ZƏNGƏZUR MAHALININ TƏN ORTASINDAN KEÇƏRƏK NAXÇIVANA GETMƏLİ İDİK? HADİ DÜNƏNƏ QƏDƏR İRANA TUTDUĞU MÖVQEYƏ GÖRƏ NOTA GÖNDƏRİRDİNİZ. ERMƏNİLƏRLƏ DOSTLUQ, BİZİMLƏ DÜŞMƏNÇİLİK EDİR DEYİRDİNİZ? İNDİ DOST QARDAŞ OLASI OLDUNUZ. NƏ ÜZLƏ İRANI XALQ HƏR ŞEYİ BİLDİYİ HALDA MEHRİBAN QONŞU ADLANDIRIRSINIZ.? BARI MEHRİBAN SÖZÜNÜ DEMƏYİN. BU LAYİHƏ ERMƏNİ QƏTİYYƏTİ QARŞISINDA GERİ ÇƏKİLMƏKDİR. ƏLACSIZLIQDAN İRANA PƏNAH APARMAQDIR. ZƏNGƏZUR DƏHLİZİNİ XALQA UNUTDURMAQDIR CƏHDİDİR! ONSUZ DA PUTİNİN SONUDUR VƏ HEY TƏZƏDƏN, SIFIRDAN BAŞLAYACAQ. BİZ ÖLKƏMİZİ BÜTÖVLƏŞDİRƏCƏYİK.