Menu

AZSAYLI MÜTTƏFİQLƏRİ RUSİYANI TƏK QOYDU – Moskva niyə KTMT-yə yox, Çinə üz tutur?

14.03.2022, 16:37
AZSAYLI MÜTTƏFİQLƏRİ RUSİYANI TƏK QOYDU – Moskva niyə KTMT-yə yox, Çinə üz tutur?

Ukraynada böyük hərbi itkilərlə üzləşən Rusiya Çindən hərbi yardım istəyib. Bu barədə dünən axşam Qərbin nüfuzlu kütləvi informasiya vasitələri məlumat yaysa da, Kreml bu barədə hər hansı açıqlama verməyib. Çin rəhbərliyi də susub, amma ABŞ Dövlət Departamenti dərhal hərəkətə keçərək bu ölkəni mümkün hərbi yardım fikrindən çəkindirməyə çalışıb. Hazırda ABŞ Çinin ən böyük ticarət tərəfdaşıdıdır. 2021-ci ildə iki ölkə arasında həyata keçirilmiş ticarətin ümumi həcmi 755 milyard dollar olub ki, bunun 60 faizdən artığını Çinin ixracatı təşkil edib.

Rusiya və Çin də strateji tərəfdaşlardır, iki ölkənin ötənilki ticarət dövriyyəsi 146 milyard dollar olub. Bu dövriyyədə Çinin ixracı 67 milyard təşkil edib. Rusiya isə bu ölkəyə neft, qaz, kömür, və s. məhsullar satır.

Hər iki ölkə həm də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində birgə əməkdaşlıq edirlər. Amma onların arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə yoxdur. ŞƏT-in elan olunmuş məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

Rusiyanın üzv olduğu yeganə hərbi ittifaq 1992-ci ildə qurulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Xatırladaq ki, həmin ilin mayında Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan altı post-sovet dövləti Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan bu müqaviləni imzalayıb. Özbəkistan 2012-ci ildə təşkilatı tərk edib.

KTMT nizamnaməsinə əsasən, üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da təcavüz kimi qəbul edilir. Rusiyanın fevralın 24-dən Ukraynaya qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, ABŞ başda olmaqla, Qərb ölkələrinin kəskin narazılığına səbəb olub. Nəticədə, Rusiyaya qarşı görünməmiş miqyasda sanksiyalar tətbiq edilib, bunun əvəzinə Ukrayna müasir silahlar, maliyyə və humantiar yardımlarla dəstəklənir. Kremlin 3 həftə ərzində Ukraynada törətdiyi qırğınlar və dağıntılar əksər postsovet ölkələri, o cümlədən müttəfiqləri tərəfindən də dəstəklənmir. Martın əvvəllərində BMT Baş Assambleyasında keçirilən səsvermədə 146 ölkə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, 35 ölkə bitərəf qalıb, cəmi 5 ölkə Rusiyanın mövqeyini dəstəkləyib ki, onlardan cəmi ikisi - Qırğızıstan və Belarus KTMT üzvləridir. Qazaxıstan ilk gündən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini elan edib və Kremlin hərbi avantürasına qoşulmayıb, ölkədə isə anti-Rusiya nümayişləri və Ukraynaya humanitar dəstək aksiyaları keçirilir. Ermənistan da hələ ki, bitərəfliyini qoruyub saxlayır. Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinə səs verməsini istisna etsək, İrəvandan Moskvaya hər hansı dəstək gəlməyib.

KTMT-nin nizamnaməsi də Putin hakimiyyətinin əl-qolunu bağlayır. Belə ki, sənəddə üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir. Hazırda Ukrayna tərəfindən Rusiyaya qarşı hər hansı təcavüz baş verməyib, əksinə, işğalçı, təcavüzkar elə Rusiyanın özüdür. Ona görə, Kreml bu sənədi rəhbər tutub KTMT-dən yardım tələb edə bilmir, əksinə, qeyd etdiyimiz kimi, Çinə üz tutub. Pekindən ona dəstək gəlməsi isə indiki şərtlər daxilində çox da mümkün görünmür. Çin rəhbərliyi sanksiyalardan ehtiyat edərək Rusiyadan neft alışını və bəzi məhsullar üzrə ticarətini dayandırıbsa, hərbi dəstək verməsi ümumiyyətlə inandırıcı deyil. Üstəlik, ABŞ-dan dərhal xəbərdarlıq alıb...

"AzPolitika.info"

Şərhlər

Veteran 2022-03-14 23:46:08

Deyirlər canavar tək qalanda başına çaqqal-çuqqal yığışar.Buna indiki vəziyyətə canavar demək olmaz.Elə caqqal deyilsə lap yerinə düşər.

t.ədalət 2022-03-14 17:27:56

Putin psixi xəstə olduğu qədər,həm də xaindir.Çini müharibəyə qoşmaqla dünya müharibəsi törətmək istəyir.Həyatın bütün nəşələrindən mərhum olmuş bu adam ,istəyir ki,özü ilə bərabər bəşəriyyəti də məhv etsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol