Menu

“Taliban” BBC və “Amerikanın Səsi”nin yayımını dayandırıb

30.03.2022, 12:28
“Taliban” BBC və “Amerikanın Səsi”nin yayımını dayandırıb

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti BBC və “Amerikanın Səsi” radiostansiyalarının yayım xidmətlərini qadağan edib.

“Amerikanın Səsi” xəbər verir ki, bu qadağa, ötən ilin avqustunda ölkədə nəzarəti ələ keçirdikdən sonra İslamçı qrupun Əfqanıstan mediasına ifadə azadlığını boğmaq üçün qoyduğu bir sıra məhdudiyyətlərin sonuncusudur.

BBC-nin Əfqanıstandakı yerli bürosunun beynəlxalq şöbəsinin rəhbəri Tarik Kafala deyib ki, “Taliban” onlara televiziya tərəfdaşlarına beynəlxalq yayımçıları efirdən çıxarmağı əmr etdikdən sonra BBC-nin puştu, fars və özbək dillərində yayımlanan xəbər bülletenləri Əfqanıstanda yayımdan çıxarılıb. Onun sözlərinə görə, altı milyondan çox əfqan hər həftə televiziyada BBC-nin müstəqil və qərəzsiz jurnalistikasından istifadə edir və onların gələcəkdə buna çıxışının qadağan edilməməsi çox vacibdir.

Qərargahı Vaşinqtonda yerləşən “Amerikanın Səsi” “Taliban”ın son addımını pisləyib.

“Amerikanın Səsi” və BBC proqramlarına qadağa “Taliban”ın yeniyetmə əfqan qızlar üçün məktəbləri qapalı saxlamasına görə artan beynəlxalq təzyiq və qınama ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Ötən ilin dekabrında Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bəyanat yayaraq bildirib ki, “Taliban” ölkəni ələ keçirdikdən sonra Əfqanıstan mediasının ən azı 40 faizi fəaliyyət göstərmir, qadın jurnalistlərin isə 80 faizdən çoxu işsiz qalıb. RSF-nin sorğusuna əsasən, avqustun 15-dən bu yana 6400-dən çox jurnalist və media nümayəndəsi iş yerlərini itirib.

Bu arada, Əfqanıstan Kəşfiyyat Mərkəzi xəbər verir ki, “Taliban” kəşfiyyatı bazar ertəsi səhər Qəndəhardakı “Millətin səsi” radiostansiyasına hücum edib və üç yerli jurnalist həbs olunub. Jurnalistlərin istintaq komitəsinin rəhbəri Cəmil Veqar deyib ki, son bir ay ərzində təxminən 16 media rəsmisi və jurnalist İslam Əmirliyi tərəfindən sorğu-sual üçün saxlanılıb.

Beynəlxalq Jurnalistlər Federasiyası Əfqanıstanı 2021-ci ildə jurnalistlər üçün ən “ölümcül ölkə” adlandırıb.

Laçın SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol