Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova "Report"a bildirib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb: "Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi".
Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan iki nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.


Şərhlər