Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyanı ərzaq böhranı həddinə yaxınlaşdırır. Əsasən kənd təsərrüfatına söykənən Ukrayna iqtisadiyyatı isə çökür.
"AzPolitika.info" xəbər verir ki, belə bir xəbərdarlıqla Avropa İttifaqı (Aİ) çıxış edib. İttifaqın xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Cozep Borrel Luksemburda Aİ xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə deyib ki, ruslar Ukraynanın şəhərlərini bombalayırlar və dünyada aclıq yaradırlar.
Aİ-nin aparıcı diplomatı deyib ki, Rusiyanın tarlaları bombalaması, buğda dolu gəmilərə limanlardan çıxmağa imkan verməməsi ölkə sərhədlərindən kənara təhdid yaradır. Bu həm də qlobal iqtisadiyyatın koronavirus pandemiyasından dirçəlməyə çalışdığı bir məqamda baş verir.
Dünya Bankı (DB) da bu il Ukrayna iqtisadiyyatının yarıyadək azalacağını bildirib. Bankın aprelin 10-da yaydığı hesabatında qeyd edir ki, Ukraynada istehsalın həcmi 45 faiz azalacaq, ölkədə iqtisadi azalmanın yekun miqyası müharibənin müddəti və intensivliyindən asılı olacaq.
DB-nın Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde qeyd edib ki, Rusiyanın işğalı Ukrayna iqtisadiyyatına, infrastruktura böyük zərbə vurur. Byerde bütün bunların təsirlərinin regiondan kənarda, planetin hər bir yerində hiss olunacağını, Rusiya və Ukraynanın birlikdə dünyada buğda ixracının 25 faizindən çoxunu verdiyini vurğulayıb.
Qeyd edək ki, DB Rusiya iqtisadiyyatının 11 faiz azalacağını proqnozlaşdırıb.
"AzPolitika.info"


Şərhlər