ABŞ-ın maliyyə naziri Canet Yellen və Britaniya, Fransa və Kanada rəsmiləri Dünya Bankı və Beynəlxaql Valyuta Fondunun Vaşinqtonda keçirilən yaz görüşü zamanı G20 qrupunun virtual iclasını tərk ediblər.
Yellen iştirakçılara bildirib ki, o bu görüşdə Rusiyanın vəzifəli rəsmilərinin iştirakına qarşıdır. ABŞ-ın maliyyə naziri xəbərdarlıq etmişdi ki, bu iclaslarda Rusiya rəsmilərinin iştirak edəcəkləri təqdirdə, o və onun qlobal həmkarları tədbiri tərk edəcəklər.
"Frans Press" agentliyinin yaydığı xəbərə görə Ukraynanın maliyyə naziri Serhiy Marçenko da onlara qoşulub.
Britaniyanın maliyyə naziri Rişi Sunak deyib ki, o, Yellen və Kanada baş nazirinin müavini Kristiya Friland iclası Rusiya nümayəndəsinin çıxışı başlayan kimi tərk ediblər.
Sunak bu barədə özünün Twitter hesabından yazıb: "Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və beynəlxalq koordinasiya ilə Rusiyanın cəzalandırılmasını davam etdirəcəyik”.
Xatırladaq ki, bu, Vladimir Putinin Ukraynaya təcavüzə əmr verməsindən bəri G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ilk iclası idi.
"AzPolitika.info"


Şərhlər