Cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin hələ də yüksək olmasıdır. Depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq, hələ də kreditlər baha təklif olunur.
Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır. Onun sözlərinə görə, vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər isə elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Ekspert qeyd edib ki, kreditlərin 51.4 faizi, yəni 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir.
Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Faizlərin aşağı salınması üçün nələrin edilməsinə ehtiyac var?
V.Bayramov bu suallara cavabında deyir ki, kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da, bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir: "İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlərin yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir".
İqtisadçı hesab edir ki, kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. "Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. Bütün hallarda isə, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var", - deputat vurğulayıb.
"AzPolitika.info"


Şərhlər
sitat...”Bütün hallarda faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”....deputat məlim özün nə danışdığını başa düşdün?!.....))))))))))) iqtisadiyyatda faiz dərəcələri səviyyəsi mərkəzi bankın reallaşdırdığı monetar siyasətin nəticəsidir, əgər ölkədə sabit məzənnə rejimi reallaşdırılırsa inflysiya və faiz dərəcələri əhəmiyyətli dərəcədə xarici təzyiqlərlə müəyyənləşir; inflyasiyanı nəzarətdə saxlayan mərkəzi bankın isə belə şəraitdə iki alternativi var: 1. daxili tələbin sıxılması (yəni, faiz dərəcələrinin yüksəldilməsi, dövriyyədə milli valyutada olan pul kütləsinin artım sürətinin kəskin zəiflədilməsi, o cümlədən manatın məzənnəsinin möhkəmlənməsi və digər bir başa təsir alətləri ilə); 2. Ölkədə iqtisadi artım modelinin yenilənməsi, məcmu tələbin deyil, məcmu təklifin genişlənməsinin stimullaşdırılması (Türkiyə modeli). Bu halda inflyasiya – təmamilə, məzənnə isə - qismən nəzarətdən çıxarılır.