Asiya İnkişaf Bankının (AİB), Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinici mərhələsi çərçivəsində “LUKOIL Overseas Shah Deniz” şirkətinə kreditin ayrılması məsələsində müəyyən narahatlığı vardır.
“Marja”nın məlumatına görə, bunu Bankın Prezidenti Takehiko Nakao Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
“İndiki mərhələyədək “LUKOIL”a sanksiyalar tətbiq edilməyb. Sözsüz sanksiya məsələlərini yaxından monitorinq etməliyik. Avropa Yenidənqurma və İnkişf Bankı ilə birlikdə vəziyyəti nəzarətdə saxlamalıyıq”,- o deyib.
Takehiko Nakao bildirib ki, Asiya İnkişaf Bankı “Şahdəniz 2” layihəsinə böyük əhəmiyyət verir: “Çünki onun Azərbaycan iqtisadiyyatına verəcəyi töhfə çox böyükdür”.
Qeyd edək ki, bir müddət əvvəl Asiya İnkişaf Bankı “Şahdəniz-2” layihəsinin əlavə maliyyələşdirilməsi üçün “LUKOIL Overseas Shah Deniz” şirkətinə 450 milyon dollar ayırmağa hazır olduğunu açıqlamışdı. Həmin layihə çərçivəsində 20-dən artıq quyunun qazılması, iki özülün tikintisi, sualtı infrastrukturun yaradılması, Səngəçal neft terminalının və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi nəzərdə tutulur.
Nəzərdə tutulan vəsaitin ümumi həcmindən 250 milyon dollar LIBOR dərəcəsi üzrə, yerdə qalan 200 milyon dollar isə əlavə maliyyələşdirmə sxemi üzrə təqdim olunacaq.
Bundn başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı “LUKOIL Overseas Shah Deniz” şirkətinə “Şahdəniz 2” layihəsinin həyata keçirilməsi üçün 380 milyon dollar kredit ayırıb.
Xatırladaq ki, 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik olan “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. /"Marja"

Şərhlər