Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib: "Nərminin meytinin tapıldığı gün əvvəl qonşuma dedim. Daha sonra polis əməkdaşı olan Murada zəng edərək məlumat verdik. O da bizə meyiti söndürməyimizi və video çəkiliş aparmağımızı söylədi. Meyitin arxa tərəfində yerdə 3-4 ayaq izləri də var idi.
Daha sonra mən şübhəli şəxs qismində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə aparıldım. Orada məni hədələdilər".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: “Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza “Ata məni bağışla, bir səhvdir etmişəm”, sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub”.
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.


Şərhlər
BU MƏHKƏMƏ NƏ UZUN ÇƏKDİ. YƏNİ ÖLKƏDƏ ELƏ BİR VİCDANLI HAKİM YOXDURMU Kİ, İRƏLİ DSUN. VİCDANINI VƏ QƏTİYYƏTİNİ QOYSUN HƏQİQİ CİNAYƏTKARI TAPSIN VƏ CƏZALANDIRSIN. EY HAKİMLƏR, YÜZ DƏFƏ NAHAQQ DEYƏNDƏ BİR DƏFƏ DƏ HAQQ DEYİN.
bu qədər polis var, amma cinayət işi illərlə açılmamış qalır. Utanırlarmı bu polislər görəsən?