Menu

Tatarların ən böyük təşkilatı qadağan edildi - Ümumtatar İctimai Mərkəzi ekstremizmdə ittiham olunur

11.06.2022, 12:45
Tatarların ən böyük təşkilatı qadağan edildi - Ümumtatar İctimai Mərkəzi ekstremizmdə ittiham olunur

Tatarıstanın Ali Məhkəməsi Ümumtatar İctimai Mərkəzini (ÜİM) ekstremist təşkilat kimi tanıyaraq qadağan olunması barədə hökm çıxarıb.

“AzPolitika.info” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, qərar dərhal qüvvəyə minib, lakin ondan şikayət verilə bilər.

Tatarıstan prokurorluğu ÜİM-in ekstremist təşkilat kimi tanınması üçün hələ 2021-ci ilin yanvarında müraciət etmişdi. Prokurorluğun ittihamnaməsində deyilirdi ki, təşkilatın bir sıra üzvləri 16-cı əsrdə Kazanın zəbt olunması zamanı həlak olmuş qurbanların xatirəsinə (Xəter köne – Xatirə günü) həsr olunan mitinqdə ekstremist bəyanatlar veriblər.

Prokurorluq bunu da iddia edirdi ki, təşkilatın Nizamnaməsində də ekstremizm əlamətləri var. Bundan sonra dövlət məhkəmə ekspertləri prokurorluğun vəsatətini araşdıraraq bu nəticəyə gəlmişdilər ki, ÜİM Tatarıstanın Rusiyanın tərkibindən çıxmasına yönəlik təbliğat aparır.

2021-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi “ekstremist hərəkətləri ilə bağlı” ÜİM-in fəaliyyətini dayandırmışdı. Elə həmin ay 15 oktyabr mitinqində ruslara qarşı düşmənçiliyin qızışdırılması ilə ÜİM-ə qarşı inzibati iş qaldırılmışdı.

Amma sözügedən mitinqdə iştirakçılar Rusiya konstitusiyasına “dövlətyaradıcı xalq” müddəasının əlavə edilməsinə etiraz bildirirdilər. Prezident Vladimir Putinin təşəbbüsü ilə konstitusiyaya edilmiş düzəliş və əlavələrdə “dövlətyaradıcı xalq” dedikdə rusların nəzərdə tutulduğu aşkar idi.

ÜİM tələb edirdi ki, Tatarıstan parlamenti Tatarıstanda tatarları “dövlətyaradıcı xalq” elan edən qanun qəbul etsin. Prokurorluq təşkilatı rusları və tatarları “dövlətyaradıcı” və “müstəmləkə” xalqları adlandıraraq qarşı-qarşıya qoymaqda ittiham edirdi. Məhkəmə bu məsələ ilə bağlı ÜİM-i 250 min rubl məbləğində cərimə edən hökm çıxarmışdı.

Siyasi ekspertlər deyirlər ki, Putin hakimiyyətə gəldikdən dərhal sonra regionlardakı milli azlıqların muxtar hüquqlarının ləğvi siyasətinə başlayıb.

ÜİM-in lideri Farit Zəkiyev eksremizm ittihamlarını rədd edib və bildirib ki, məhkəmə qərarından şikayət veriləcək.

Ümumtatar İctimai Mərkəzi tatar milli hərəkatının ən tanınmış ictimai-siyasi birliyidir. Təşkilat 1988-ci ildə yaradılıb. ÜİM 1990-cı illərin əvvəllərində Tatarıstana tam müstəqillik verilməsini tələb edirdi. Lakin ÜİM son illərdə Tatarıstan Respublikasına xüsusi statusun verilməsini və tatar dilinin regionda dövlət dili kimi tanınmasını istəyirdi.

Təşkilatın rəhbəri Farit Zəkiyev məhkəmənin qərarını “gözlənilən” adlandırıb və deyib ki, “bugünkü Rusiyada müstəqil təşkilatıar ola bilməz”. Zəkiyev hazırda Rusiya xaricindədir.

“AzPolitika.info”

Şərhlər

tatarlara 2022-06-11 18:23:41

Tatarıstan Respublikası müstəqilliyini elan etməlidir!

dadaşyev 2022-06-11 15:27:22

Bax həmin bu Mərkəzin adamlarını ara-sıra çağıraq ölkəmizə QHT-lər səviyyəsində,müsahibələr alaq yerləşdirək saytlarımızda,tatarların milli-azadlıq mübarizəsindən bəhs edən rəsm əsərlərini sərgilyək qalereyalarımızda,Rusiya etiraz edəndə silək saytlardan ki,ölçü götürməkdəyik,bir anlaşmazlıq olub.RİA-Novostilər filanlar təkrar bizə qarşı saymazlıq edən kimi biz də təkrar müsahibələr alaq tatarlardan.Rus bizə medianı necə alət edirsə biz də öz mediamızı eləcə alət edək onlara qarşı.Deyək ki etməyimizi istəmirsinizsə etməyin.Edəcəksinizsə edəcəyik.Vəssalam.Top-tüfəng atmırıq ki ruslara.Söz atana söz atırıq.Rus görməlidir ki bizim media perestroyka illərinin mediası deyil ki,Komsomolskaya pravda nə istəsə yazsın bizə qarşı,biz də dəli olaq,səsimizi özümüzdən başqa heç kəs eşitməsin.Müstəqil dövlətik.Bizə qarşı kim necədirsə biz də eynilə o cür davranmalıyıq.

t.ədalət 2022-06-11 15:11:38

Rusiyanın yorğanını birinci qardaş tatar xalqı yırtacaq.Millətin azadlıq istəyini,demokratik yaşamını əngəlləmək müvəqqəti tədbirdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol