“ÇOX VARLI VƏ ÇOX XƏSİSDİR...” – “Onu həmişə piar, karyera və pul maraqlandırıb” (VİDEO)

Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan İqor Strelkov (Qirkin) Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu sərt tənqid və ittiham edib.

“AzPolitika.info” xəbər verir ki, Strelkovun sosial şəbəkələrdə yayılan son çıxışında Müdafiə naziri korrupsioner, karyerist və hərb elmindən bixəbər biri kimi təqdim olunub: “Şoyqu ümumiyyətlə, heç vaxt hərbçi olmayıb. İkincisi, hərbi iş onun üçün qətiyyən maraqlı deyil. Üçüncüsü, onu həmişə yalnız piar, karyera və pul maraqlandırıb. İfrat varlı və ifrat xəsisdir. O, ən çox özünü piar edə biləcək şeylərlə maraqlanıb. FHN rəisi olanda da belə olub...”

Qirkin bildirib ki, Şoyqu orduda quruculuq işləri aparmaq əvəzinə özünü reklam etməklə və əyləncə xarakterli tədbirlərlə məşğul olub: “Buna görə də tank biatlonu yarışı ilə, beton bunker tikməklə məşğul olub...”

Separatçı xatırladıb ki, nazirin ağacdan yonulmuş eksponatlarından ibarət sərgisi keçirilib. Qirkin rişxəndlə Şoyqunu qədim italyan heykəltəraş Mikelanceloya bənzədərək soruşub ki, vaxtının böyük hissəsini bu “yaradıcılığa” həsr edən nazir, ordu quruculuğuna necə vaxt tapa bilərdi?

Şoyqunu “axmaq” adlandıran Qirkin nazirin qədim silah və orden kolleksiyası yığmaqla məşğul olduğunu da söyləyib: “O, ətrafına da elə özü kimi generalları toplayıb. Şoyqu Krıma gələndə çox yaxın tanışım ona Çindəkindən də ucuz qiymətə hərbi sənaye üçün vacib detallar alınması sxemini təklif etmişdi. O isə əvəzində yalnız bir şey soruşdu – sənin dəniz kənarında bağ sahən var? O, biznes-təklifə heç baxmadı belə”.

Strelkov rus ordusunun Ukraynada düşdüyü acınacaqlı duruma görə əsas günahkarlardan birinin məhz Şoyqu olduğunu qeyd edib. O, deyib ki, nazir odrunun təchizatı məsələsində çox məsuliyyətsiz və yaramaz davranıb. Misal üçün bildirib ki, Xerson istiqamətində döyüşən batalyonların birində hazırda cəmi bir gecə görmə cihazı və bir teplovizer var. Bu isə həmin vasitələri kifayət qədər çox olan Ukrayna hərbçilərinə böyük üstünlük qazandırır. Strelkov onu da əlavə edib ki, Ukrayna Ordusu Xerson istiqamətində Rusiya cəbhəsini asanlıqla yara bilər.

C.Məmmədov

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar