Menu

Etiraz yürüşü qarşıdurma ilə nəticələndi

07.11.2014, 10:04
Etiraz yürüşü qarşıdurma ilə nəticələndi

Noyabrın 6-da Brüsseldə son onilliklərin ən iri miqyaslı etiraz yürüşünə toplanan 120 min şəxs yeni hökumətin azad bazar və qənaət islahatlarına qarşı etiraяını bildirib.

Onlar xüsusən pensiyaya çıxış yaşının artırılması, pensiyaların və sosial təminatların azaldılmasını, həmçinin vergi sistemində ədalətsiz islahatların aparılmasını Belçikanın rifah dövləti siyasətinə xələl gətirdiyini deyirlər.

Brüsselin əsas küçələrindən keçən və üç saatdan çox sürən etiraz yürüşü nisbətən sakit mühitdə keçsə də, nəticədə Antverpen liman işçiləri və bir qrup üzü örtülü şəxslər iğtişaşlar törədib. Maşınların və mağazaların şüşələrini sındıran nümayişçilər, daha sonra bir-neçə maşını yandırıb, yol nişanlarını və səki daşlarını sındıraraq polis cərgələrinə atıblar. Cavabında, polis qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Qarşıdurma nəticəsində 40-dan çox şəxsin xəsarət aldığı, onlardan 4-nün xəstəxanaya yerləşdirildiyi bildirilir. Polis tərəfindən 24 nəfər saxlanılıb. Yürüş təşkilatçıları iğtişaş törədənləri qınayıblar. Brüssel icra hakimiyyətinin rəhbəri isə öz növbəsində Antverpen şəhəri və limanına etiraz notası göndərəcəyini və limanın işçiləri ilə illərdir davam edən narazılığı həll etməsini tələb edəcəyini bildirib.

Təşkilatçıların təyin etdiyi 100 min iştirakçı həddini aşan yürüş bir ay davam edəcək etiraz aksiyalarına start verib. Dekabrın 15-də isə, daha geniş miqyaslı ümummilli tətil baş tutacaq. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol