Türkiyə İxracatçılar Məclisi hər il açıqladığı hesabatın ötən il üzrə nəticələrini açıqlayıb.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, "Türkiyənin ilk min ixracatçısı" adlanan hesabatda 2021-ci ildə ölkədə fəaliyyət göstərən şirkətlərin toplam ixracatının 225 milyard dollar olduğu qeyd olunub. Bu göstərici 2020-ci illə müqayisədə 33 faizə yaxın artım olmaqla, Türkiyə tarixində rekord göstəricidir.
Toplam ixracatın 123 milyard dollarlıq bölümü, yəni 55 faizə yaxını ən çox ixrac gerçəkləşdirən min şirkətin payına düşüb. 15 şirkətsə il boyunca 1 milyard dollardan çox dəyərdə məhsul ixrac edib.
Araşdırma sonuclarına görə, ilk minlikdə yer alan şirkətlərin 173-ü bu siyahıya ilk dəfə adını yazdırıb. İlk min şirkətin toplam ixracatının 63 faizi məhz yeni 173 şirkətin payına düşüb. Ən çox ixrac həyata keçirən şirkətlərlə bağlı daha bir diqqətçəkən məqam odur ki, Türkiyənin 81 rayon və şəhərinin 52-dən bu siyahıya düşən şirkətlər var. Ən çox ixrac gerçəkləşdirən ilk min şirkətin 80 faizi yerli sahibkarlara məxsusdur. Həmin şirkətlərin toplam ixracatdakı payları 63 faizdir.
Türkiyədə ötən il ən çox ixrac həyata keçirən şirkətlər arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Türkiyə" şirkətinin də adı var. Ötən il ərzində 1 milyard 794 milyon dollar dəyərində məhsul ixrac edən "SOCAR Türkiyə" həmin il Türkiyədə ən çox məhsul ixrac edən 8-ci şirkət olmağı bacarıb.
2020-ci ildə "SOCAR Türkiyə" 2021-ci illə müqayisədə xaricə üç dəfə az - 440 milyon dollar dəyərində məhsul göndərməyi bacarmışdı. Ötən il "SOCAR Türkiyə" ixracatla yanaşı, ölkə içində də satışlar aparıb və 6 milyard 226 milyon lirə məbləğində gəlir götürüb. SOCAR-ın Türkiyədə vergidən öncəki mənfəəti 363 milyon lirə olub.
"AzPolitika.info"


Şərhlər