Pakistan Xalq Partiyasından olan senator (Pakistan Peoples Party – PPP) Salim Mandvivalla Pakistanın İsraillə diplomatik əlaqələrinin potensialını şərh edərkən deyib ki, ölkə öz maraqlarına uyğun olanı etməlidir.
Senator bunu “Dawn” qəzetinə müsahibəsində deyib.
Pakistan İsraili tanımır və buna görə də onunla diplomatik əlaqələri yoxdur. Ölkə Fələstin dövlətinin yaradılması tələbini müdafiə edir. İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında münasibətlərin normallaşmasına səbəb olan, 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanan İbrahim Razılaşmasından sonra Pakistan açıq şəkildə bildirib ki, Fələstin məsələsinin ədalətli həllinə qədər İsraili tanıya bilməz.
Bununla belə, Salim Mandvivalla deyib ki, onlar heç bir ölkə ilə dialoqu və ticarət əlaqələrini dayandırmamalıdır: “İnsanlar İsraili tənqid edir, amma biz öz maraqlarımızı düşünməliyik”. O, bütün Yaxın Şərq ölkələrinin İsraillə danışıqlar apardığını və ticarət əlaqələri qurduğunu vurğulayaraq əlavə edib ki, Pakistan da öz maraqlarına uyğun hərəkəti etməlidir: “İsraillə razılaşmanın Pakistanın maraqlarına uyğun olub-olmadığını görmək qalır”. Bir gün sonra isə Salim Mandvivalla Pakistanı İsraillə bağlı maraqlarına diqqət yetirməyə çağıran bəyanatından geri çəkilərək deyib ki, müsahibəsində onun sözləri təhrif edilib. “Mən heç vaxt Pakistanın İsraillə əlaqələrini genişləndirməsini və ya onunla ticarətə girməsini istəməmişəm. İsrailin tanınması Pakistanın maraqlarına uyğun deyil”.
Bu arada, ötən ay bir sıra pakistanlı mühacirin bir nümayəndə heyətinin tərkibində İsrailə səfər etməsi ölkədə mübahisələrə səbəb olub.
Bu məsələ parlamentdə, mətbuat konfranslarında, ictimai görüşlərdə geniş müzakirə olunub və hökumətin siyasi addımı kimi qələmə verilib. Mübahisə parlamentin yuxarı palatasında Camaati İslami Partiyasının senatoru Muştaq Əhməd tərəfindən qaldırılıb. O, İsrailə səfər edən mühacirlərin vətəndaşlığının ləğv edilməsini və onların səfərinə şərait yaradan QHT-nin fəaliyyətinin qadağan olunmasını tələb edib. Onun sözlərinə görə, dövlət televiziyasında işləyən Əhməd Qureşinin nümayəndə heyətinin tərkibində səfərdə olması çoxlu suallar doğurub. Onun, səfəri hansı səlahiyyət və hansı səyahət sənədləri əsasında həyata keçirdiyini öyrənmək istəyib.
İnformasiya və Yayım naziri Marriyum Aurangzeb də mətbuata verdiyi açıqlamada PTV-nin şəxsi olaraq İsrailə səfər edən televiziya aparıcısı ilə müqaviləni ləğv etdiyini bildirib.
L.SƏMLA
AzPolitika.info


Şərhlər