Menu

"Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək" - Azərbaycan Prezidenti

21.06.2022, 21:07
"Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək" - Azərbaycan Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti ilə geniş tərkibdə görüşdə çıxışı zamanı Şavkat Mirziyoyevin ölkəsinin investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Prezident Şavkat Mirziyoyev ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o cümlədən Bakıda dəfələrlə görüşdüklərini, fikir mübadiləsi apardıqlarını xatırladaraq deyib: “Sənaye istehsalı, iş yerləri, xalqın sosial rifahı – bütün bu mövzular daim Prezidentin diqqət mərkəzindədir və Azərbaycanda biz də, əminəm ki, Özbəkistan sakinləri də bu istiqamətlərdə böyük nailiyyətlər, böyük tərəqqi görürlər. Biz buna şadıq. Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək”.

Dövlətimizin başçısı qeyd edib ki, biz də öz tərəfimizdən qarşılıqlı fəaliyyətimizi genişləndirmək üçün səy göstərəcəyik.

“Biz bu gün çox mövzular barədə ətraflı söhbət etdik. Ən başlıcası odur ki, bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

"Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi" - deyə, İlham Əliyev bildirib.

Bu gün Özbəkistan Prezidenti ilə kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri barədə məsələləri də müzakirə etdiklərini diqqətə çatdıran dövlət başçısı deyib: “Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir”.

Qarşılıqlı ünsiyyət çərçivəsində artıq yaxşı elementlərin olduğunu deyən Prezident İlham Əliyev Hacıqabuldakı avtomobil zavodunu buna misal göstərib.

“Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil”, - deyə dövlət başçısı əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol