"BİZ İSTƏDİYİMİZƏ NAİL OLACAĞIQ" - Prezident Ermənistana xəbərdarlıq etdi (Yenilənib)

Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edibƏgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

"Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”, - Prezident İlham Əliyev qeyd edib.

***

“Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib.

Kəlbəcərə ikinci dəfə gəldiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”.

Azərbaycan Prezidenti qeyd edib ki, artıq bu proses başlayıb və ilk növbədə Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır, ona görə bugünkü mərasim xüsusi məna, rəmzi məna daşıyır.

“Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var” - deyə, Prezident İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı deyib ki, hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir: “Ona görə bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”.

Son bir il ərzində burada görülmüş işlərlə də tanış olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, təbii şərait baxımından bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir.

“Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar