BRÜSSELDƏ HACIYEV-QRİQORYAN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? - ABŞ və Avropa İttifaqı prosesi pozur...

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu öz Tvitter hesabında ATƏT-in Minsk Qrupu ilə bağlı bəyanat yayıb.

Həmin əcaib açıqlamada “təəssüf hissi ilə” bildirilir ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri “Qarabağın gələcəyini” müzakirə etmək üçün dəvəti qəbul etməyib: “Minsk Qrupunun amerikalı həmsədri bu gün Qarabağın gələcəyini müzakirə etmək üçün öz həmkarları ilə danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirəcəyinə ümidliyik”.

Xatırladaq ki, Minsk Qrupunun bərpa etmək niyyətini bundan əvvəl - iyunun 15-19-da regionda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də ifadə edib.

O, Ermənistan mediasına müsahibəsində bildirmişdi ki, ABŞ Qarabağ məsələsi ilə məşğul olan Minsk Qrupu həmsədrlərindən biridi: “Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”.

Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk Qrupunun həmsədrlik formatının “cəhənnəmə getməsi” fikri ilə də razılaşmaq istəməyib.

“Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk qrupunun həmsədrliyi prosesini dəstəkləyir” -deyə, bildirib. .

Hətta utanmadan bütün sferalarda əlaqələri kəsdikləri Rusiya ilə bu məsələdə əməkdaşlıq edə biləcəklərini söyləyib: “Rusiya Minsk Qrupunun həmsədridir. Ona görə də, bəli. Fransa, ABŞ və Rusiya bu formatda işi davam etdirə bilərdilər”.

İyunun 23-24-də Bakıda səfərdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə bəyan edib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. O, bunun ABŞ və Fransanın təşəbbüsü ilə baş verdiyini bildirib.

Maraqlıdır ki, bazar ertəsi Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilməsi gözlənilən Brüssel görüşü də baş tutmayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Məlumatlı diplomatik mənbələrdən verilən məlumata görə, Bakının imtinasının real səbəbləri var.

“Ermənistan tərəfi hər gün ziddiyyətli bəyanatlar verirsə, ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmindən danışmağa davam edirsə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürsə, o zaman görüşlərin keçirilməsinin nə mənası var? Və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatları yoxlanılmalıdır”, - deyə danışıqlar prosesi ilə tanış olan mənbə öz şərhində qeyd edir.

Xatırladaq ki, iyunun 6-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar reallıq hissini tamamilə itirdiyindən, yoxsa ermənilərə xoş gəlmək üçün erməni mətbuatına müsahibəsində həddini aşan mövqe ifadə edib. 

 “Qarabağ ermənilərinin fikri nəzərə alınmadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil” -deyə, bildirib.

Klaar daha sonra iddia edib Kİ, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmaya nail olmaqda əsaslı şəkildə maraqlıdırlar: “Mən şəxsən görmürəm ki, bu adamların fikirləri və baxışları nəzərə alınmadan belə bir nizamlanmaya necə nail olmaq olar. Prezident Mişel açıqlamasında çox şey qeyd etməyib. Bu bəyanat həll edilməli olan bütün məsələləri əhatə etmədi. Amma fakt budur ki, biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Biz bu istiqamətdə işləyirik”.

Beləliklə, maraqlı mənzərə yaranır: ABŞ Dövlət Departamenti Minsk Qrupunu "diriltməyə" cəhd edir. Avropa İttifaqının rəsmisi isə ermənipərəst  mövqe sərgiləyərək,  Şarl Mişelin pozitiv bəyanatlarına "düzəliş" etmək, Qarabağdakı qalan erməni azlığının da "mövqeyinin nəzərə alınması" arzusunu ifadə edir.

Məlumdur ki, Azərbaycan həm Minsk Qrupunun prosesdə iştirakının qəti əleyhinədir və Qarabağda yaşayan ermənilərə də hər hansı status verilməyəcəyini açıq bəyan edib.. Rusiya əvvəllər birmənalı olmayan mövqe qoysa da, Lavrovun son açıqlaması ilə rəsmi Moskva da vasitəçilik institutunun gündəmdən çıxdığını bildirib.

Yaranmış vəziyyəti təhlil edən politoloq Fərhad Məmmədov ABŞ-ın bu mövqeyinin anlaşılmaz olduğunu deyir. O xatırladır ki, K.Donfrid bu məsələni gündəmə gətirsə də Rusiyadan dəstək ala bilmədi: "Mən başa düşmürəm ki, amerikalılar niyə belə edirlər? Bu israrın nə mənası var?"

Təhlilçi yaranmış vəziyyətdə bir neçə versiyanın mümkünlüyünü dilə gətirir: "Mümkündür ki, erməni tərəfini özündən razı salmaq üçün edilir. Bu versiya da var ki, dinləmələrdə erməni diasporasının Dövlət Departamentinin rəsmilərini sorğu-suala tutmaması üçün bu məsələ gündəmə gətirilib. Çünki ABŞ-ın Ermənistana və Azərbaycana təyin etmək istədiyi yeni səfirlərin namizədliyinə ermənipərəst konqresmenlər tərəfdən narahatedici suallar ünvanlana bilər. Amma onlar bu sullar olmadan namizədləri Konqresdən keçməsinə nail olmaq istəyə bilərlər. Məsələn, deyə bilərlər ki, biz burada Minsk Qrupu formatını bərpa etmək üçün “fədakarcasına” çalışırıq, amma təəssüf ki, Rusiya buna qarşıdır".

F. Məmmədov hesab edir ki, ABŞ bu bəyanatları ilə həqiqətən də Minsk Qrupunun tabutuna son mismarları vurur: “Yəni "biz istəyirdik, amma Rusiya imtina edir...”

Təhlilçi onu da vurğulayır ki, ehtimallar arasında ABŞ-ın öz milli maraqlarına zidd olaraq erməni mərkəzli siyasətini davam etdirməsi də var: "Bu siyasətin nəticələri artıq göz qabağındadır: Azərbaycan Avropada planlaşdırılan görüşdən imtina edib, öz ərazisi ilə bağlı məsələləri müzakirə etmək fikrində deyil. Çox güman ki, Ermənistan-Azərbaycan münasibətləri mövzusu olmadan Avropa İttifaqı və ABŞ-la öz əməkdaşlığını quracaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Ədalət 2022-06-29 17:03:52

Minsk qrupu 30 il ərzində ona görə heç bir iş görə bilmədi ki, Qarbağ probleminin həlli açarı Rusiyada idi, nə Fransa, nə də Amerika bu məsələ də heç nə edə bilmirdilər, indi isə Rusiya sülhməramlı adı altında öz qoşunlarını Qarabağda yerləşdirib, hərbi baza qurub, odur ki, Qərb Minsk qrupunu dirçəldib, nəsə etmək istətir, onları narahat edən əsas məsələ rusların Qarabağda yerləşməsidir, Qarbağ probleminin kimin xeyrinə həll edilməsi onları bir o qədər maraqlandırmır.

turan 2022-06-29 07:16:23

Bu ruslarla qərbin bizə qarşı apardığı bir təxribatdır. Əməliyyata başlamaq lazımdır

Son yazılar