Menu

İstanbuldakı Taxıl Sammitində razılaşma əldə olundu - FOTO (Yenilənib)

13.07.2022, 22:24
İstanbuldakı Taxıl Sammitində razılaşma əldə olundu - FOTO (Yenilənib)

İstanbulda Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüşün ilk nəticəsi məlum olub.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar danışıb.

Onun sözlərinə görə, danışıqlar zamanı İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb.

Nazir heyətlərin gələn həftə yenidən İstanbulda toplanacağını və bütün detalların bir daha incələnəcəyini, eləcə də razılaşmaların rəsmiləşdiriləcəyini qeyd edib.

Həmçinin, “Reuters”in məlumatına görə, Rusiya məhsulların daşınması müddətində atəşkəsə, Türkiyə isə Rusiyanın silah qaçaqmalçılığı ilə bağlı narahatlığını aradan qaldırmaq üçün BMT-nin dəstəyi ilə gəmilərin yoxlanmasına razılaşıb.

***

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

***

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

“Report” "Habertürk" istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.

Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol