AVROPAYA DOĞRU...

Ayşən Aslan-Məmmədli, 

Bakı Dövlət Universitetinin müəllimi

Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfərini nəticələrinə görə həm ittifaq, həm də dövlətimiz üçün olduqca vacib hesab etmək olar. Aİ rəsmisinin səfərinin əsas məqsədi ölkəmizlə enerji sahəsində əməkdaşlığı artırmaqla bağlı olmuşdur və və iyulun 18-də bununla bağlı tərəflər arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Memorandum” imzalandı. Memoranduma əsasən 2027-ci ilə kimi Azərbaycan Avropa İttifaqına qaz ixracını 20 milyard kubmetrə çatdırmalıdır ki, bu da “qoca qitəyə” qaz ixracımızın iki dəfə artırılması deməkdir. Eyni zamanda, Memorandumda Azərbaycanın böyük alternativ enerji potensialından İttifaqın yararlanması kimi digər mühim məqamlar da var.

Onu da qeyd etmək lazımdır ki, Aİ və Azərbaycan arasında enerji sahəsində geniş əməkdaşlıq münasibətləri mövcuddur, daha dəqiq desək, qaz və neftimizin əsas alıcısı Avropadır. Aİ-nın Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsi fonunda ölkəmizlə enerji sahəsində əməkdaşlığı gücləndirmək istəyini təbii hesab etmək lazımdır və bununla rəsmi Brüssel Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Geosiyasi səbəb, yəni Rusiya - Qərb qarşıdurmasının doğurduğu reallıqlar Aİ- nı enerji mənbələrini müxtəlifləşdirmək və bununla da, şimal qonşumuzdan enerji asılılığını azaltmaq istiqamətində konkret addımlar atmağa vadar edir. Aİ-nın enerji mənbələrinin müxtəlifləşdirilməsi siyasətində ölkəmizi əsas tərəfdaşlardan biri olaraq seçməsi isə Azərbaycanın etibarlı tərəfdaş olması ilə bağlıdır.

Son 20-25 ildə Azərbaycan bütün təzyiqlərə, maneələrə baxmayaraq müstəqil enerji siyasəti həyata keçirib və məhz bu siyasətin, iradənin nəticəsində Bakı-Tiflis-Ceyhan, Cənub Qaz Dəhlizi və s. iri layihələr reallaşdırılıb.

Qeyd edək ki, dünyada, yerləşdiyimiz postsovet məkanında mürəkkəb geosiyasi proseslərin getdiyi, qarşıdurma meyllərinin artdığı məqamda bu meqalayihələrin geostrateji əhəmiyyəti daha da artıb. Onu da nəzərə alsaq ki, gələcəkdə bu kəmərlərin həm də Mərkəzi Asiya enerji resurslarının Rusiyadan yan keçməklə əsas ixrac marşrutlarına çevrilmək ehtimalı var, onda Qərb üçün bu layihələrin nə qədər böyük əhəmiyyət daşıdığını aydın dərk etmək olar.

Beləliklə, Aİ rəsmisinin dövlət başçımızla imzaladığı Memorandumu hər iki tərəfin böyük iqtisadi, geostrateji fayda götürəcəyi mühim tarixi sənəd hesab etmək olar.

635x100

Şərhlər

dadaşyev 2022-07-19 22:22:40

Ayşən xanım,a qızım,Avropa yaxşıdı ee,amma maaş və pensiyalarımız Avropa standartlarına uyğun gəlmir axı.Neyləyək və dərdi kimə söyləyək?Ki eşitsin və əncam çəksin bu qəliz məsələyə.Vermirlər dəə.Verə bilmirlər. Vermək istəmirlər.

Son yazılar