BU GÜN TƏYİN EDİLƏN İCRA BAŞÇILARI KİMLƏRDİR? - Fotolar + DOSYELƏR (Yenilənib)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə Araz Əhmədov gətirilib. Başçı postu boş olan Göygöl və Lerik rayonlarına isə müvafiq olaraq Elvin Paşayev və Əkbər Abbasov təyinat alıb.

Yeni təyin olunan icra başçılarının kimliyinə gəlincə, qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub. Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub.

 Araz Əhmədov

Göygöl rayonuna yeni icra başçısı təyin edilən Elvin Paşayev isə bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsini tutub. O, daha əvvəl Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi fəaliyyət göstərib. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Qeyd edək ki, Elvin Paşayev ötən günlərdə "Yeni Klinika"ya baş həkim təyin olunan Cavid Paşayevin qardaşıdır.

 Elvin Paşayev

Lerikin yeni icra başçısı Əkbər Abbasov da Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olub. O, bu təyinata qədər nazirliyin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 34 yaşlı Ə.Abbasov respublikanın ən gənc icra başçılarından sayıla bilər. O, İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Tələbəlik illərində Prezident təqaüdçüsü olub.

 Əkbər Abbasov

***

Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. "Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əkbər Bəxtiyar oğlu Abbasov isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı da Prezident İlham Əliyev sərəncam imzalayıb.

635x100

Şərhlər

Oxucu 2022-07-25 22:58:04

Cənab Prezident, Şəki yaddan çıxıb ?

Son yazılar