Azərbaycan bölmələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan erməni hərbçilərin sayı artaraq 19 nəfərə çatıb.

Bunu qondarma rejimin oyuncaq “səhiyyə naziri” Mikayel Airyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

O deyib ki, vəziyyəti ağır olan 4 yaralıdan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu saatlarda tamamlanıb.

Digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yaralıların İrəvana gətirilməsinə ehtiyac olub-olmadığını soruşduqda o, deyib ki, buna ehtiyac var: “Yaralıların bir hissəsi artıq çatdırılıb, qalanları yoldadır”.

***

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.




Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.