Menu

“ABŞ tərəfindən Rusiyaya nüvə xəbərdarlığı edilib” – Leonid Kuçma

04.08.2022, 16:57
“ABŞ tərəfindən Rusiyaya nüvə xəbərdarlığı edilib” – Leonid Kuçma

"Rusiya Prezidenti Vladimir Putin siyasi ambisiyalarına qarşı təhlükə hiss edərsə, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər. Ancaq Rusiyadan fərqli olaraq, Ukrayna bu hücuma adekvat cavab vermək iqtidarında deyil".

"AzPolitika.info" Ukraynanın "UNİAN" agentliyinə istinadla xəbər verir ki, bunları Ukraynanın sabiq Prezidenti Leonid Kuçma xarici mətbuata açıqlamasında deyib.

O, Rusiya ilə Ukayna arasında nüvə müharibəsinin baş vermə ehtimalından danışıb: "Mən bu təhlükəni istisna etməzdim. Fakt budur ki, nüvə silahı olmayan Ukrayna Rusiyaya adekvat cavab vermək iqtidarında deyil. Nüvə silahı uzun müddətdir ki, Putinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Əgər Putinin siyasi mövqelərinə və onun rejiminin sabitliyinə təhlükə yaranarsa, Kreml taktiki nüvə silahından istifadə edə bilər. Bunun qarşısını almaq olarmı? Hesab edirəm ki, biz Putini dayandıra bilməsək də, Qərbdəki müttəfiqlərimiz bunu bacara bilər".

L.Kuçma əminliklə bildirir ki, bu ehtimal baş verərsə, ABŞ-ın Putinə hərbi reaksiya xəbardarlığı onu dayandırmağa kifayət edəcək: "İstisna etmirəm ki, ABŞ tərəfindən artıq belə bir xəbərdarlıq edilib. Çünki nüvə müharibəsi riski çox yüksəkdir. Hamı deyir ki, Rusiya işğalından sonra dünya əvvəlki kimi olmayacaq. Əslində nüvə silahından istifadə edilərsə, dünya ümumiyyətlə olmaya bilər".

"Konkret bir proqnoza gəlincə, mən Rusiyanın nüvə silahından istifadəsini istisna edirəm. Mən buna qətiyyən inanmıram. Rusiya strateji nüvə silahına o halda müraciət edə bilər ki, onun mövcudluğuna real təhlükə yaransın, ya da müharibədə aldığı ağır zərbədən sonra bir növ dünyadan qisas almağa çalışsın", - Kuçma bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol