Menu

Diplomatlar diaspor gənclərinin xalq diplomatiyasında rolundan danışıblar - FOTO

05.08.2022, 16:10
Diplomatlar diaspor gənclərinin xalq diplomatiyasında rolundan danışıblar - FOTO

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi proqramı çərçivəsində “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu” mövzusunda panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə aparılan panel iclasında Azərbaycanın baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış ediblər.

Xalq diplomatının malik ola biləcəyi cəhətlərə diqqəti cəlb edən məruzəçilər xaricdə yaşayan azərbaycanlı gənclərin siyasi və diplomatik biliklərə, Azərbaycan tarixi və xalqımızın milli-mənəvi dəyərləri barədə geniş məlumata malik olmasının vacibliyindən danışıblar.

“Əgər siz yaşadığınız cəmiyyətlərdə Azərbaycanı təmsil etmək istəyirsinizsə, mütləq bu bilikləri mənimsəməlisiniz. Həmin biliklərə yiyələnməyin bir yolu da belə layihələrin təşkil edilməsindən keçir”, - deyə Həsən Həsənov bildirib.

Vilayət Quliyev qeyd edib ki, artıq Azərbaycanın keyfiyyətcə yeni diasporu yaranır: “Bu baxımdan həm yaşadığınız ölkənin dilini, həm də ana dilini bilməyiniz vacibdir. Daha geniş əlaqələrə malik olduğunuz halda həm o cəmiyyətə, həm də Azərbaycana faydalı olacaqsınız”.

Fəxrəddin İsmayılov diaspor gənclərini ünsiyyət bacarıqlarını artırmağa çağırıb.

Yalçın Rəfiyev isə Azərbaycanın multikultural və tolerant ölkə olmasının diaspor təşkilatlarının ölkəmizi təbliğ etməsi üçün əlavə üstünlük olduğunu vurğulayıb. Panel iclası qarşılıqlı fikir mübadiləsinin aparılması ilə davam edib.

Şərhlər

dadaşyev 2022-08-06 00:35:42

Vallah bu cür məsələlər sovet dövrünün iclaslarına bənzər iclaslarla həll olunana oxşamır.Məruzələr,çıxışlar,sürəkli alqışlar,gurultulu sürəkli alqışlar,salon ayağa durdu filan.Dövr internet,mobil telefon,yüksək texnologiya dövrüdü.Gənclərlə işlərkən onların bugünkü maraqları,arzu istəkləri,həvəsləri nəzərə alınmalıdır.İclasa gəldilər,çıxışları,məruzələri dinlədilər,vəssalam,kağızda bu tədbirin də qabağına bir quş qoyun,bu məsələni də bitirdik.O gənclər deyilənləri yerinə yetirəcəklərmi Amerikada,Avropada?Sovet quriultaylarında da saatlarla məruzələr edilirdi şablon şüar cümlələriylə.Kim idi qulaq asan?Hamını yuxu basırdı.Qurultay televiziyada göstəriləndə hamı dəli olurdu ki,nə vaxt bitəcək bu, kinoya-zada baxammadıq.Niyə heç kim qulaq asmırdı?Çünki hamı görürdü ki,məruzələr başqadı,həyatda gördükləri tamam başqa.Kommunizmə guya lap çathaçatdaydıq,amma ət-yağ yox idi dükanlarda.Yağı gedib Tiflisdən,Moskvadan təyyarəylə gətirirdik ki,qatarda gətirsək yolda əriyib axar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol