Çin avqustun 8-də Tayvan ətrafında hərbi təlimləri genişləndirdiyini elan edib. Gəmi və hava nəqliyyatını pozan bu təlimlər qlobal ticarətdə önəmli yeri olan regionda münaqişə ehtimalı sarıdan narahatlığı artırıb.
"AzPolitika.info" Qərb mediasına istinadən xəbər verir ki, Çinin dövlət televiziyası təlimlərin anti-qayıq və dəniz hücumu əməliyyatlarına fokuslandığını xəbər verib. Bu təlimlər ötən həftə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab tədbiri hesab olunur. Pekin bu səfəri provokasiya adlandırıb.
Çin gərginliyi azaltmaqla bağlı çağırışlara əhəmiyyət verməyib. Blokada səviyyəsində olan təlimlərin nə vaxt başa çatacağı bəlli deyil.
Tayvanın Müdafiə Nazirliyi avqustun 7-də bildirib ki, dəniz və hava təlimlərinə 66 təyyarə, 14 hərbi gəminin qoşulduğunu aşkarlayıb. Ada ordusunu hazır vəziyyətə gətirib, Çinin təyyarə, gəmi və dronlarını monitorinq etmək üçün gəmi, təyyarə və digər qüvvələrini yerləşdirib.
Tayvanın rəsmi Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Tayvan ordusu Çinin təlimlərinə cavab olaraq cənubi Pinqtunq dairəsində döyüş atışlı artilleriya təlimləri keçirəcək.
Tayvanı öz vilayəti hesab edən Çin gərəkərsə onu ilhaq edə biləcəyini deyir. Pekin ABŞ rəsmilərinin Tayvanla rəsmi kontaktını adanın onillərlə davam etmiş de-fakto müstəqilliyini daimiləşdirməyə ürəkləndirmək cəhdi kimi görür. ABŞ isə iddianı rədd edir.
"AzPolitika.info"


Şərhlər