ABŞ Prezidenti Co Bayden Çinin Tayvan yaxınlığındakı hərbi təlimlərindən “narahat olmadığını”, lakin təlimlərin miqyasından narahat olduğunu dilə gətirib.
ABŞ Prezidenti jurnalistlərə açlqlamasında “narahat deyiləm, amma onların bu qədər hərəkət etməsindən narahatam. Ancaq nəsə edəcəklərini düşünmürəm” deyib.
Çin Nensi Pelosinin Tayvana səfərindən sonra bir sıra hərbi təlimlər keçirir.
Dövlət mediasının məlumatına görə, Çin ordusu Tayvan yaxınlığında sualtı qayıqlara və havadan gəmiyə zərbələrə yönəlmiş təlimləri davam etdirəcək. Bu, Çin Xalq Azadlıq Ordusunun (Chinese People’s Liberation Army - PLA) avqustun 4-dən 7-dək adanın ətrafında ən azı altı ərazidə birgə təlimlər keçirməsi ilə əlaqədardır.
Pekinin xəbərdarlıqlarına baxmayaraq, Pelosinin keçən həftə Tayvana səfəri Çini qıcıqlandırıb.
Pekin Tayvanı “parçalanmış əyalət” adlandırır və xarici rəsmilərin və nüfuzlu şəxslərin adaya səfərlərini təxribat və “vahid Çin” siyasətinin pozulması kimi qiymətləndirir.
Tayvan Prezidenti Tsay İnq-ven özünü idarə edən adaya beynəlxalq dəstək üçün müraciət edib. Prezident bildirib ki, hökumət və hərbçilər vəziyyəti diqqətlə izləyirlər. Tayvan Prezidenti tvitter hesabında yazıb: “Hökumətimiz və ordumuz Çinin hərbi təlimlərini və informasiya müharibəsi əməliyyatlarını diqqətlə izləyir və lazım gəldikdə cavab verməyə hazırdır. Mən beynəlxalq ictimaiyyəti demokratik Tayvanı dəstəkləməyə və regional təhlükəsizlik vəziyyətinin istənilən gərginləşməsini dayandırmağa çağırıram”.
ABŞ, Avstraliya və Yaponiya da daxil olmaqla bir sıra ölkələr Çinin ballistik raketlər buraxmasını pisləyib və Çini hərbi təlimləri dərhal dayandırmağa çağırıb.
AzPolitika.info


Şərhlər