LAÇINDA, ZABUXDA: daşlar danışır, əlyazmalar, xatirələr, faktlar danışır...

Ayşən Aslan-Məmmədli,

Bakı Dövlət Universitetinin müəllimi

Yenə erməni xisləti özünü göstərir - məkr dolu yalanlar, iftiralar, vandalizm.

Azərbaycan tarixində faciəli və şərəfli anlar çox olub. Biz bu anları nə unutmalı, nə unutdurmalıyıq!

Ağlım kəsəndən ailəmizdə hər zaman ermənilərin Laçında, doğulduğum Zabux kəndində törətdikləri vəhşiliklər barədə eşitmişəm...

11 aylıq ikən anasının qucağında iki azyaşlı bacısı ilə birgə öz dədə-baba yurdundan didərgin düşürülən mən…

Hərdən öz-özümə düşünürəm ki, bəlkə də ermənilərin törətdikləri o vəhşilikləri dərk edəcək bir yaşda olsaydım, ürəyim partlayıb ölərdim, ya da dəli olardım…

Bacım danışır:

“...Kəndimiz mənfur düşmənlərlə sərhəddə olduğundan, vəziyyət gərginləşməyə başlayan andan atəş səsləri demək olar ki, hər gün eşidilirdi. Ancaq o gün eşidilən səs digərlərindən fərqli idi. Həmin gün doğulub 5 yaşa çatdığım evimizdən məcburən çıxırdıq. Qapımıza bir maşın yaxınlaşdı, vacib olan əşyalarımızı maşına yüklədilər. Mənim üçün isə ən vacib əşyalarım - oyuncaqlarım qalmışdı. Ağlaya-ağlaya oyuncaqlarımı yığdığım qutunu götürməyimizi istədim, dedilər, yer yoxdur, qalsın evdə, onsuz da qayıdacağıq. Bizi də maşına əyləşdirdilər. Mən arxamızca adını “Xallı” deyə çağırdığımız itimin hələ də mənə baxmasını unuda bilmirəm. Mən ağlayıb elə hey “Xallı qaldı, onu istəyirəm”, - deyirdim.

Atam könüllü müdafiə polkunda olduğundan, bizi - anam, bacılarım və məni ata nənəmgilin kəndinə - Güləbirdə əmim və dayım gətirəsi oldu. Yolda bütün maşınları Ermənistandan artilleriya atəşinə tuturdular, ona görə də sürücülər məcburən maşınların işığını söndürdülər. Atəşdən biri bizim qarşımızdakı maşına düşdü. Maşın gözümüzün qabağında yandı. Dedilər, 24 yaşlı cavan oğlan yanıb, anası qışqırmaq istəyirdi, amma ətrafındakı insanlar onun ağzını əlləri ilə yumurdular, çünki ermənilər səs gələn tərəfə atırdılar. İşıq olmazdı! Səs salmaq olmazdı! Bir uşağın qaranlıqda qorxusunu azalda biləcək iki şey birdən əlindən alınmışdı.

Sonra “Tikanlı zəmi” deyilən yerə, oradan da meşəyə qaçdıq. Qaranlıq meşədə hara getdiyimizi bilmirdik. Qəfildən təbiətin fəryadı uşaqların fəryadına qarışdı - dəhşətli bir yağış başladı. Əmim və dayım bizi, hamilə anam isə ən kiçik bacımı qucağına almışdı. Bizim əynimiz nazik idi, çox üşüyürdük. Anamın qucağında 11 aylıq balaca bacım bükülmüş yorğan isə tamam su idi. Güclü yağış yun yorğanı daha da ağırlaşdırmışdı. Amma anam yenə də şükür edirdi. Çünki ermənilər yağış səbəbindən atəşi dayandırdılar. Palçıqlı meşədən geri qayıtmağı bacardıq və təsadüfi bir maşınla Güləbirdə çatdıq. Halsız, taqətsiz vəziyyətdə idik. O kənddə də işığı, qazı tamam kəsmişdilər, bir stəkan isti çay belə tapmaq mümkün olmadı ki, körpə bacıma içirdələr.

Səhər açılanda Ağdamın Quzanlı kəndində yerləşən ana nənəmin evinə gəldik. Babamın qəbri isə Laçında, Zabux kəndində qaldı. Elə mənim uşaqlığım da orda qaldı…”

Laçın maddi və mənəvi, təbii sərvətlərlə zəngin, əsrarəngiz təbiətə malik alınmaz qala hesab olunurdu. Qədim tarixi var Laçının. Ermənilər havadarlarının, regional güclərin onlara dəstək olmasının hesabına 30 il bizi doğma torpağa həsrət qoydular.

Təkcə insanlarımızı öldürmədilər, onlar həm də tarixi abidələrimizi məhv etdilər, qəbiristanlıqları dağıtdılar, sərvətlərimizə, o cümlədən xalçalarımıza sahibləndilər, etnik təmizləmə apardılar.

1995-ci ildə Yaxın Şərqdən olan erməniləri gətirib Laçının 12 kəndində məskunlaşdırdılar. O kəndlərdən biri də mənim doğma Zabux kəndimdir. Zabuxda məzarlığı şumlayıblar -babamın məzarı da orada idi...

Bizim evimizin 15-20 metrliyində kilsə tikiblər.

Çox qədim tarixdən xəbər verən məktəb binasını dağıdıblar.

Laçında, o cümlədən Zabuxda əvvəllər erməni yaşamayıb. Sadəcə özlərini dost kimi göstərərək gəlib-gedər, sərvətlərimizdən bəhrələnərmişlər.

Ancaq unutmaq lazım deyil ki, haqq nazilər, üzülməz. İnsan etdiyi hər bir əməlin bədəlin ödəməlidir. Ermənilər daha uydurma yalanlarla kimsəni inandıra bilməzlər! Çünki bizim də Oğuzlara soykənən dövlətçilik ənənəmiz, döyüşkən ordumuz, bacarıqlı Ali Baş Komandanımız, dövlətinə dayaq olan güclü xalqımız var!

Laçının, Zabuxun adını ermənilər dəyişməyə çalışsalar da, daşlar danışır, əlyazmalar, xatirələr, faktlar danışır…

“Yalan ayaq tutar, amma yeriməz!" - demiş atalar.

635x100

Şərhlər

dadaşyev 2022-08-12 23:18:08

Çox bəyəndim yazınızı,inandırıcılıq var deyə hətta körpəliyinizi təsəvvür edə bildim,o ölüm-qalım anlarında oyuncaq yığıdığınız qutu üçün ağlamağınızı məsəla.Bu mövzuda povest,roman yazsanız oxunaqlı olar məncə.Çünki bu tip yazılar beləcə bəzək-düzəksiz,orijinal cümlələrsiz,pafossuz-filansız olanda oxunaqlı olur.

Son yazılar