Dünən Krım Platformasının onlayn formatda zirvə toplantısı keçirildi. Qeyd edək ki, ötən il keçirilən təsis mərasimində 45 dövlət və beynəlxalq təşkilat nümayəndəsi iştirak etdiyi halda, dünənki toplantıya 60-dan çox dövlət, hökumət başçısı və digər rəsmi təmsilçilər qatılmışdı. Polşa prezidenti Anjey Duda Ukrayna rəhbərliyi və Krım tatarlarının liderləri ilə bərabər fiziki olaraq mərasimdə iştirak edirdilər.
Siyasi təhlilçi Şahin Cəfərli toplantıda yeniliklərə diqqət çəkib. Onun sözlərinə görə, diqqəti cəlb edən ən önəmli, həm də paradoksal məqam bundan ibarətdir ki, Rusiya dövlətinin bütün gücü ilə Ukrayna üzərinə hücuma keçdiyi bir dövrdə keçirilməsinə baxmayaraq, yığıncaqda Krımın geri qaytarılacağına dair nikbinlik var idi.
"Ukrayna rəhbərliyi buna inanır, tərəfdaş ölkələr də ən azından bunu artıq qeyri-mümkün saymırlar", - təhlilçi vurğulayıb.
Ş.Cəfərli Polşanın mövqeyini xüsusi ilə fərqləndiyini qeyd edib: "Prezident Duda bildirdi ki, təkcə 23 fevrala olan vəziyyətə qayıtmaq doğru olmaz, Krımı da mütləq şəkildə azad etmək gərəkdir və Polşa son ana qədər Ukraynanın yanında olacaq. Fransa prezidenti Makron sərt mövqe ortaya qoyaraq bəyan etdi ki, Rusiyaya qarşı zəiflik göstərmək və onunla hər hansı kompomisə getmək olmaz: “Çünki söhbət hamımızın azadlığından gedir”. Türkiyə prezidenti Ərdoğan videomüraciətində “Krım Ukraynaya qaytarılmalıdır”, dedi... Digər dövlət, hökumət başçıları, NATO, Avropa Birliyi rəhbərləri də bənzər çıxışlar etdilər".
Təhlilçinin qənaətincə, artıq Qərbdə tam dərk edilir ki, güclü Ukrayna dövlətinin mövcudluğu avroatlantik təhlükəsizlik baxımından kritik önəmə sahibdir, belə bir Ukrayna aqressiv, imperialist Rusiyanın qarşısını kəsən çox mühüm bufer rolunu oynayır və gələcəkdə də oynayacaq.
"Bu dəstəkdən ruhlanan Ukrayna prezidenti Zelenski mövcud durumda Rusiya ilə danışıqlara getməyəcəklərini, işğal altındakı əraziləri geri qaytarmaq üçün müharibəni davam etdirəcəklərini, Krımda Ukraynanın və Krım tatarlarının bayraqlarının dalğalanacağı günün uzaqda olmadığını bildirdi", - Şahin Cəfərli vurğulayıb.
"AzPolitika.info"


Şərhlər
Allah Qüvvət Versin.