“BRÜSSELDƏ MÜHÜM QƏRARLAR VERİLƏ BİLƏR” – Növbəti Əliyev Paşinyan görüşündən əsas gözləntilər

Avqustun 19-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəszilik Şurasının katibi Armen Qriqoryan arasında görüşdən sonra iki ölkə liderinin yaxın günlərdə görüşəcəyi barədə məlumat yayılmışdı. Amma bu görüşün Moskvada, yoxsa Brüsseldə bir yerdə reallaşacağı açıqlanmamışdı. Ekspertlər bildirirdilər ki, artıq hər iki vasitəçi münaqişənin həlli istiqamətində irəliləyişin əldə olunmasında maraqlıdır. 

Bu gün artıq məlum olub ki, görüş Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə avqustun 31-də Brüsseldə baş tutacaq. Amma bundan əvvəl Rusiya rəhbəri Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə təmas imkanı olub.

Rusiya mətbuatının yaydığı məlumata görə, avqustun 24-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə V.Putinlə telefon danışığı olub. Rəsmi məlumata görə, Azərbaycanın Qarabağ bölgəsi ətrafındakı vəziyyət müzakirə edilib.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiqlənib. Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub. Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə toxunulub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Vladmir Putin arasında sonuncu təmas iyunun 29-da Aşqabadda Xəzəryanı ölkələrin sammitində gerçəkləşib. İstisna deyil ki, avqustun 31-nə qədər Prezidentlər arasında telefon danışığı keçirilsin.

Xatırladaq ki, bu gün - avqustun 25-də Laçın rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı qarşı tərəfə verilmiş vaxtın son günüdür. Dünən yayılan görüntülərdə Laçın dəhlizindəki Rusiya sülhməramlılarının postlarının söküldüyü görünürdü, daha əvvəl isə Laçın şəhərində və ətraf kəndlərdə qanunsuz məskunlaşmış ermənilərin evləri, meşələri yandıraraq əraziləri tərk etdiyi təsdiq olunub.

Bəs, avqsutun 31-də Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək görüşdən nə gözləmək olar?

Politoloq Fərhad Məmmədov bildirir ki, Ermənistan-Azərbaycan münasibətlərinin gündəliyini hazırda öhdəlik və təkliflər təşkil edir. Onun sözlərinə görə, öhdəliklər yeni Laçın yolu, Zəngəzur dəhlizi, erməni hərbçilərinin Qarabağdan çıxarılması və ərazinin tam demilitarizasiyası məsələlərini əhatə edir. "Bu məsələlər 10 noyabr bəyanatının 4, 6 və 9-cu maddələrindən irəli görə öhdəlik hesab olunurlar", - ekspert qeyd edib.

Politoloqun sözlərinə görə, gündəlikdə üçtərəfli razılaşma ilə birbaşa müəyyən olunmayan mühüm təkliflər də durur: "Təkliflər sərhədlərin delimitasiya-demarkasiyasını və ölkələr arasında sülh sazişinin imzalanmasını nəzərdə tutur. Azərbaycan üçün hər iki komponent vacib olsa da, hazırda vurğu öhdəliklərin üzərinə salınır. 10 noyabr bəyanatı Ermənistanın kapitulyasiya aktı olmaqla yanaşı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təsbit edən sənəddir. Ondan irəli gələn öhdəliklərin dəqiqliklə icra edilməsi ölkələr arasında uzunmüddətli və davamlı sülh sazişinin imzalanmasına yol açır".

F.Məmmədov hesab edir ki, Azərbaycan və Ermənistanın liderlərinin görüşündən əsas gözləntilər odur ki, yeni və mühüm qərarlar qəbul edilə bilər: "Bu, vacib regional və beynəlxalq faktorlarla şərtlənir. Əgər 2020-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 3,8 mlrd. manat təşkil edirdisə, 2022-ci ildə 5,084 mlrd. manata çatmışdır. Son iki ildə Azərbaycan azad edilmiş ərazilərdə və Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirmiş, bir çox strateji yüksəklikləri nəzarətə götürmüşdür. Azərbaycan Prezidenti Basqal müsahibəsində “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisinin Qarabağdan çıxarılması, yeni Laçın yolunun təffərüatları və Zəngəzur dəhlizinin perspektivləri haqqında vacib qeydlər etdi. Qeydlərin məntiq və məğzini bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan Ermənistanı üzərinə götürdüyü öhdəlikləri diplomatik və güc faktorunun istifadəsi ilə “kiminsə bəyanatı, açıqlaması və ya telefon zənginə” baxmayaraq məcbur etməyə davam edəcək. “Qisas” əməliyyatından sonra, bəzi məlumatlara görə, axşam saatlarında ağır texnika Qarabağdan Ermənistana daşınıb. Bu, sülhə məcburetmə siyasətinin praktiki nəticələrindən biridir".

F.Məmmədov xatırladır ki, son bir ildə Ermənistan xarici siyasətində də hissolunan dəyişikliklər baş verib: "Əgər A.Qriqoryan 2021-ci ildə "Ria Novosti"-yə verdiyi müsahibədə Ermənistanın “diplomatik kanallarla DQMV-nin “işğal olunmuş” ərazilərinin qaytarılması üçün hər şeyi edəcəyini” bildirirdisə, 2022-ci il müsahibələrində vurğunu Ermənistan SQ-nin Qarabağdan çıxarılması və “status”suz sülh müqaviləsinin imzalanması üzərinə edir".

Politoloq əlavə edir ki, beynəlxalq geosiyasi vəziyyət də proseslərə öz təsirini göstərməkdədir: "Hesablamalara görə, qazın qiyməti qışda 4000 dollara çata bilər. Belə vəziyyət İrəvanı Rusiyadan ucuz qiymətlərə qazın alınmasında asılılığını artırır. Qazla yanaşı, Ermənistan Rusiyadan taxılın alınması məsələsində də asılıdır. Ermənistanın iqtisadi imkanları və Qərbin ikinci dərəcəli sanksiyaları ilə qarşılaşma təhlükəsi baxımından arzuolunmazdır. Bu çəkindirici faktorlar N.Paşinyanı Moskva və Brüssel görüşlərində daha konstruktiv olmağa məcbur edə bilər. Digər tərəfdən Avropaya iri həcmdə qaz ixrac edən və Rusiyaya münasibətdə balanslı siyasət aparan Azərbaycanın mövqelərinin güclənməsi baş verir. Rusiya ilə ticarət dövriyyəsini 100 mlrd. dollara çatdırmağı hədəfləyən və Avropaya “Türk axını” kəməri ilə heç bir məhdudiyyət olmadan 31,5 mlrd. m3 həcmli Rusiya qazını ixrac edən Türkiyə, Moskva və Brüssel üçün çox vacib aktora çevrilməkdədir".

Onun sözlərinə görə, hazırda vurğu öhdəliklər üzərinə edilsə də, münasibətlərin hərtərəfli normallaşdırılması sülh sazişinin imzalanmasını zəruri edir. "Sülh sazişi sərhədlərin delimitasiya və demarkasiyası baxımından vacib olub, ölkələr arasında münasibətlərə uzunmüddətlilik və davamlılıq xüsusiyyətini verə bilər. Sülh sazişi bütün məsələlərin əsası olduğu kimi, cari proseslərin həm də məntiqi sonu və yeni mərhələnin başlanmasına şərait yarada bilər",-ekspert qeyd edib.

Rasim Əliyev 

"AzPolitika.info"

635x100

Şərhlər

B.Qarabağlı 2022-08-25 23:35:15

Aktual müsahibə Müsahibə Brüssel görüşünə nikbin baxışdır. Əsas qərar isə Azərbaycan və Ermənistan arasındakı 10.11. 2020 tarixində üç dövətin ərazisinin bütövlüyü haqqındakı razılaşmanın təsdiqlənməsidir. Sərhədlərin delimitasiya və demarkasiya işlərinə, sülh müddəalarına 29 avqust Moskva görüşləri də mütləq aydınlıqlar verəcək.

Son yazılar