Menu

“Qarabağın erməni əhalisinin vətəndaşlığı ilə bağlı dilemma yaranıb” – “Havada qalıblar...”

03.09.2022, 16:02
“Qarabağın erməni əhalisinin vətəndaşlığı ilə bağlı dilemma yaranıb” – “Havada qalıblar...”

"Qarabağın erməni əhalisinin vətəndaşlığı ilə bağlı dilemma yaranıb".

"AzPolitika.info" xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib. Ekspert xatırladır ki, 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə iki ölkə arasında məcburi əhali mübadiləsi baş verib. "Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz torpaqlarından qovulduqdan sonra Azərbaycana sığınaraq vətəndaşlıq alıblar. Azərbaycanı tərk edən ermənilər Ermənistanda və ya mühacirət etdikləri ölkələrdə vətəndaşlıq alıb".

F.Məmmədov deyir ki, Qarabağ erməniləri üçün isə proses fərqli istiqamətdə inkişaf edi: "Fiziki olaraq Azərbaycan ərazisində yaşayan ermənilər eyni zamanda Ermənistan vətəndaşı olublar. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərar qəbul etdi. Bu qərar həm SSRİ-nin daxili qanunvericiliyinə, həm də beynəlxalq hüquqa ziddir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 10 yanvar tarixli qərarında Ermənistan SSR Ali Sovetinin qərarının SSRİ Konstitusiyasına zidd olduğu vurğulanırdı. Lakin bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır. Bu akt təkcə Azərbaycan ərazilərinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığını qəbul etməsini şərtləndirirdi".

Ekspert vurğulayır ki, Ermənistan Konstitusiyasında ilhaq barədə qərara dolayı istinad var: "1989-cu il qərarına 2003-cü ildə Ermənistanın Ali Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalif siyasətçi o vaxtkı Prezident Robert Köçəryanı məhkəməyə verib. İddia ondan ibarət idi ki, konstitusiyaya görə, R.Köçəryan ölkə Prezidenti postunu tuta bilməz. Konstitusiyaya görə, prezidentliyə namizəd “son on ildə Respublikada daimi yaşayan” şəxs olmalıdır. Həmin vaxt məhkəmə 1989-cu il qərarına istinad edərək belə qərara gəlib ki, Dağlıq Qarabağ hüquqi cəhətdən Ermənistanın bir hissəsi olduğundan R.Köçəryan Konstitusiyanın bu tələbinə cavab verir".

F.Məmmədov hesab edir ki, hazırda Ermənistanın başqa dövlətin ərazisində qanunsuz yaşayan öz vətəndaşları ilə bağlı tələbi absurddur: "Ermənistan Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları kimi hüquqlarını müzakirə etməzdən əvvəl ilk növbədə rəsmilərin ağzı ilə bəyan etməlidir ki, bu şəxslər Ermənistan vətəndaşı deyillər. Bunun üçün 1989-cu il fərmanının hüquqi qüvvəsini və onun bütün hüquqi, xüsusən də mülki nəticələrini aradan qaldırmaq üçün qanunvericilik formasında addımlar atılmalıdır".

Ekspert deyir ki, Hadrut erməniləri, eləcə də Qarabağın digər rayonlarının erməniləri indi məhz Ermənistanın bu siyasətinə görə çətinliklərlə üzləşirlər. "Onlar hüquqi vakkumdadırlar. Hüquqi baxımdan onlar qaçqın kimi tanınmır. Beynəlxalq hüquqa görə, qaçqınlar vətəndaşı olmayan ölkəyə köçməyə məcbur olmuş vətəndaşlardır. Həmin şəxslər vaxtilə yuxarıdakı sxemə görə Ermənistan vətəndaşlığını alıblar və hazırda vətəndaşlıq etdikləri ölkədədirlər. Beynəlxalq hüquqa görə, onlar məcburi köçkün hesab oluna bilməzlər. Çünki məcburi köçkünlər öz dövlətlərinin hüdudları daxilində miqrasiya etməyə məcbur olmuş insanlardır. Və Qarabağ Ermənistan deyil!", - təhlilçi vurğulayıb.

Onun sözlərinə görə, nəticədə həm Hadrut, həm də Qarabağın digər rayonlarının erməniləri çıxılmaz vəziyyətə düşüb: "Ya Ermənistana köçüb vətəndaş kimi sakit yaşamağa davam etməlidirlər, yaxud qaçqın statusu almaq üçün Ermənistanın yox, Azərbaycan vətəndaşı olduqlarını sübut etməyə çalışmalıdırlar". F.Məmmədovun sözlərinə görə, Azərbaycan ərazisində yaşamağa qayıtmaq üçün onlar bir daha sübut etməlidirlər ki, nə Ermənistanın, nə də başqa ölkənin vətəndaşı deyillər: "Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Bundan sonra, qanuna görə, Azərbaycanın müvafiq dövlət strukturlarına müraciət edilməlidir. Əgər bu qrupa kömək etmək istəsələr, Ermənistan rəhbərliyi onların vətəndaşlığını rəsmən ləğv edə bilər. Bu halda onlar Azərbaycan və ya hər hansı digər ölkənin vətəndaşlığını qəbul edənə qədər qanuni olaraq vətəndaşlığı olmayan şəxs hesab olunacaqlar".

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

B.Qarabağlı 2022-09-03 21:06:48

Əla hüquqi təhlil.İşğal ərazilərinin azadlığı (44) günlərində Ermənistana getmiş ermənilərin geri Azərbaycana qaytarılması gərək deyil.... Əslində, bu 1987-1988ci illərdə Ermənistandan qovulmuş iki yüz min azərbaycanlı ailələrnin hüquqlarına adekvat ədalət haqqı olaraq, hər iki tərəfdə təhlükəsizliyi gözləniləndən də yüksək səviyyədə təmin edərdi???

t.ədalət 2022-09-03 19:21:36

Kimlərin bizim vətəndaşlarımız olduğu arxivdə var.Ancaq əlinə silah alıb bizə qarşı döyüşən ermənilərə vətəndaşlıq vermək olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol