Rusiyanın Ukraynadakı “Cənub” ordu qruplaşmasının komandanı, general-polkovnik Andrey Sıçevin Ukrayna ordusu tərəfindən əsir götürüldüyü iddia olunur..
Ukrayna mənbələrinin məlumatına görə, ordu komandanı Xarkov yaxınlığında sentyabrın 6-da Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı əsir götürülüb. İlk günlər A.Sıçev öz rütbəsini gizlətməyə, özünü polkovnik kimi təqdim etməyə nail olsa da, dünən onun əslində kim olduğu üzə çıxıb.
Əslən Kubandan olan A.Sıçev Rusiya ordusunun ən peşəkar, eyni zamanda ən qapalı zabitlərindən biri hesab olunur. O, fevralın 28-dən işğalçı müharibəyə cəlb olunub, Ukraynanın Melitopol və Mariupol şəhərlərinin işğalına rəhbərlik edib. A.Sıçev tabeliyindəkilərə qarşı amansızlığı ilə tanınır. Avropa Birliyi onu Ukraynadakı işğalda aktiv iştirakına görə sanksiya siyahısına salıb.
Bu generalın həqiqətən əsir götürülüb-götürülmədiyi rəsmi təsdiqini tapmayıb. Rus zabitinin əsir götürülməsini əks etdirən kadrlardakı şəxslə sözügedən generalın oxşarlığı isə həqiqətən də var.
Qeyd edək ki, son sutkada Ukraynada Rusiya ordusunun 660 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900-ə çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 122 tank, 4 575 zirehli döyüş maşını, 1 237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopter, 888 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 399 avtomobil texnikası və avtosistern, 114 xüsusi texnikadan ibarətdir.

Şərhlər
Yaradan hər haqsızlığın bədənini zaman gəldikcə öndədir. Rusun xain yardımı ilə haqq uğrunda zabit şərəfi simvolu POLAD HƏŞİMOV həlak olaraq ŞƏHİDLİK zirvəsinə yüksəldi. Çox keçmədi ki, Rus belə alçaqlığının bədənini onlarla generalları ilə ödəməli oldu. Şükür Yaradana...
Ukrayna ordusunun əlinə sağlıq!Bizim etməyə gücümüz çatmayanı onlar edirlər.Allah qorusun!