Ukrayna ordusu Xarkov əyalətinin Kazaçya Lopan qəsəbəsini Rusiya hərbçilərindən azad edib. "Report" xəbər verir ki, bu barədə Derqaçev Şəhər Şurasının feysbuk səhifəsində bildirilib.

Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Kazaçya Lopan qəsəbəsinin əhalisini təxliyə edib. Qəsəbədə Ukrayna bayrağı ucaldılıb.

Bundan əvvəl Derqaçevin meri Vyaçeslav Zadorenko Rusiya hərbçilərinin qəsəbəni boşaltmağa başladığı barədə məlumat verib.

"Bizdə olan məlumata görə, Rusiya hərbçiləri Kazaçya Lopandan Belqoroda qaçır, yerli əhalini təxliyə edirlər. Baş Qərargahdan rəsmi məlumat gözləyirik", - Zadorenko qeyd edib.

***

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü ayrı-ayrı mexanikləşdirilmiş briqada Çkalovskda Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo kəndlərini azad edib.

Qeyd edək ki,  Ukrayna lideri bir ay ərzində Rusiyadan 2000 kv.km ərazini, o cümlədən son bir həftədə 1000 kv.km ərazini azad etdiklərini açıqlayıb.

Hədəfini Ukraynanın şərqinə çevirən Rusiya son həftələrdə müdafiə mövqeyindədir. Çünki Volodimir Zelenskinin göstərişi ilə Xerson istiqamətində başlayan hücum Ukraynanın öz ərazilərini geri qazanması ilə davam edir.

“New York Post” qəzeti bu hadisəni oxucularına “Ruslar qaçır, Ukrayna qoşunları şərqdə təəccüblü nailiyyətlər əldə edir” başlığı ilə təqdim edib.

Qeyd edək ki, Rusiyadan Müdafiə Nazirliyi müharibədəki son vəziyyətlə bağlı açıqlama verib.

İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qoşunların Xarkov bölgəsindən tamamilə geri çəkildiyini qəbul edib.

Nazirlik geri çəkilməyi “yenidən qruplaşma” kimi xarakterizə edib. Rusiya MN-nin bu açıqlaması “etiraf” kimi şərh edilib. 

Xatırladaq ki, Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.

Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin azad edilməsinə ümidi artıracaq. Bundan başqa, şəhəri alınması Zelenskinin dediyi kimi, Krım yolunu açacaq. (musavat.com)

Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi dəyərləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma gedən yolu açmaq üçün mübarizə aparır.

Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.

"AzPolitika.info"