SƏRHƏDİ AŞAN TOQQUŞMA – Rusiya Paşinyana, Qərb isə Azərbaycana qarşı təzyiqlərə başlayır

Sentyabrın 12-dən 13-ə keçən gecə 44 günlük müharibədən sonra hərbi itkilərin miqyasına görə Azərbaycanla Ermənistanın dövlət sərhədində ən irimiqyaslı toqquşma baş verdi. (Təsdiqlənməyən məlumatlara görə, Ermənistan tərəfi 150-200 nəfər canlı qüvvə, iki S-300 ZRK, xeyli sayda başqa hərbi texnika itirib -red.)

Rəsmi Bakı Ermənistanın dövlət sərhədində təxribat cəhdlərinə (təminat yollarını minalamaq, potensial hücum cəhdləri üçün hərbi infrastruktur yaratmaq və s.) cavab olaraq cəzalandırma əməliyyatı keçirdiyini açıqlayıb. 

Hərbi toqquşmaya gətirə biləcək səbəbələr

1. Brüssel görüşündən sonra Ermənistandan verilən ilk siyasi bəyanat: Baş nazir Nikol Paşinyan hakim partiya üzvləri ilə keçirdiyi toplantıdan sonra Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Yeqoyan bildirib: "Brüsseldə təməl maddələr üzrə razılaşma əldə olunmayıb, yalnız noyabrda xarici işlər nazirlərinin görüşəcəyi razılaşdırılıb. Bu isə o deməkdir ki, üzərində işlənəsi məsələlər var və bu iki ay ərzində mövqeləri müəyyən qədər yaxınlaşdırmaq olar. Əsas sualın nə olduğunu bilirsinizmi? Artsax [Qarabağ - red.] məsələsinə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi paketi çərçivəsində, yoxsa ondan kənarda baxılmalıdır? Daha konkret desək, məsələni paketə salmaq, yaxud salmamaq Ermənistanın mövqeyidir. Azərbaycanın mövqeyi isə bu məsələyə istənilən kontekstdə baxıb-baxmamaqla bağlıdır. Təbii ki, Azərbaycanın mövqeyincə, bu məsələyə baxılmamalıdır”.

2. Paşinyanın Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə, habelə erməni icması ilə görüşdə verdiyi açıqlamalar: "Brüsseldə bizi narahat edən ən vacib məsələlər üzrə ümumi mövqeyə gəlmək mümkün olmayıb. Özəlliklə, məsələ Qarabağ problemindədir. Hər ikimiz, Azərbaycan və Ermənistan sülhə nail olmağa çalışırıq. Hamı istisnasız sülh istəyir. Digər tərəfdən, sülh barədə danışanda hər kəs onu öz bildiyi kimi qəbul edir, hərənin öz şərtləri, öz formulu, öz nəticələri, özünün sülh mühiti var və konfliktlər də buradan yaranır. Azərbaycanın mövqeyi nədir? Onlar deyirlər ki, Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi Bakının mövqeyilə üst-üstə düşmür. Xüsusilə Rusiya Azərbaycanın mövqeyini bölüşmür”.

Xatırladaq ki, bundan əvvəl İtaliyada səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev noyabra qədər Ermənistanla sülh müqaviləsinin imzalanmasını mümkün saymışdı. Paşinyan isə bildirmişdi ki, ilin sonuna qədər Azərbaycanla belə bir müqavilə imzalana bilər. Göründüyü kimi, Baş nazir Putinlə görüşə getdiyi ərəfədə artıq mövqeyini növbəti dəfə dəyişib.

İkinci mühüm məsələ Ermənistan hərbçilərinin tam olaraq Qarabağdan çıxarılmaması ilə bağlıdır. Paşinyan hakimiyyəti avqustun 4-də baş verən "Qisas" əməliyyatından dərhal sonra qüvvələrin bir hissəsinin çıxarıldığını, sentyabrda prosesin başa çatacağını bəyan edib, amma sonralar bu məsələ də tormozlanıb.

Beynəlxalq səbəbələr

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel 31 avqust görüşü ilə bağlı yaydığı bəyanatda "Qarabağ problemi", "status", "Minsk Qrupu" ifadələrindən istifadə etməsə də, Vaşinqtonun bu məsələdə israrçı mövqeyi davam edir (ABŞ və Fransa səfirlərinin Şuşadakı tədbirə getməkdən imtina etməsini və Prezidentin köməkçisi Hikmət Hacıyevin onları qınamasını da yada salaq). Məlumdur ki, Dövlət Departamentinin Minsk Qrupundakı nümayəndəsi və Qafqaz münaqişələri üzrə danışmanı Filip Riker son həftəni Cənubi Qafqazda keçirib. O, iki gün İrəvanda qaldıqdan sonra Gürcüstana gəlib, bu gün isə Bakıdadır. ABŞ elçisi Paşinyan komandası ilə görüşlərdə nizamlanma prosesinin ənənəvi vasitəçilər institutu çərçivəsində aparılmasını zəruri sayıb.

Rusiya rəhbərliyi Brüssel görüşündən ciddi narazılığını kəskin ifadələrlə biruzə verdi (Mariya Zaxarova Aİ-ni Moskvanın sülh təşəbbüslərini oğurlamaqda ittiham etmişdi - red.). Kreml açıq şəkildə bəyan edir ki, Azərbaycan-Ermənistan münaqişəsi heç bir halda Moskvanın müəyyən etdiyi üçtərəfli formatdan kənara çıxa bilməz, yaxud Qərb yeni vasitəçi kimi prosesə daxil ola bilməz. Buna rəğmən Brüssel Bakı və İrəvanla fəal dialoq aparır və tərəflər də bu dəvətlərdən imtina etmirlər.

Kremli narazı salan başqa bir məqam Paşinyan hakimiyyətinin Qərblə təmasları daha da intensivləşdirməsidir. Məsələn, Baş nazir Vladivostoka ŞƏT-ın sammitinə yola düşdüyü günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan Vaşinqtonda səfərdə idi, yaxud Riker İrəvanda çox isti qarşılandı, Vaşinqtonun təklifləri Paşinyan tərəfindən qəbul edilir. Burada ziddiyətli məqam odur ki, Moskva rəsmən Minsk Qrupundan imtina etməklə, ABŞ və Fransanı danışıqlarda iştirak etməsini istəmir, Bakı da bu mövqedədir. İrəvanın Qərblə kontaktları saxlaması Moskvanı ciddi şəkildə qıcıqlandırır.

Reaksiyalar və ziddiyətlər

Hərbi toqquşmalara gələn reaksiyalarda Moskva və Qərbin fərqlənən mövqelərində bu narazılıq və tərəfkeşlik özünü aydın şəkildə göstərir. Məsələn, Ermənistan KTMT-nin üzvü olmasına rəğmən oradan istədiyi bəyanatı əldə edə bilmir. Eyni zamanda sənəddə strateji hərbi müttəfiqi olan Rusiya da İrəvana hər hansı dəstək vermədi, münaqişənin dinc, diplomatik yolla həllinə sadiq olduğunu deməklə kifayətləndi. 

Amma Qərbin mövqeyi yenə işğalçını- Ermənistanı dəstəkləmək yönündədir. Məsələn, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter “Twitter” səhifəsində yazıb: "Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur; diplomatiya qalib gəlməlidir. Ermənistan-Azərbaycan sərhədində döyüşlər və Ermənistanda mülki hədəflərə hücumlar barədə xəbərlər qəbuledilməzdir və dərhal dayandırılmalıdır".

NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina isə “Twitter” səhifəsində belə yazıb: "NATO hərbi əməliyyatları dərhal dayandırmağa və Ermənistan və Azərbaycan sərhədində vəziyyətin təcili olaraq deeskalasiyasına çağırır. Ermənistan və Azərbaycan sərhədində hücumlardan, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar barədə xəbərlərdən son dərəcə narahatam".

Göründüyü kimi hər iki bəyanatda Azərbaycanın Ermənistanda guya mülki obyektlərə zərbə endirdiyi qeyd olunur.

Fransa isə sərhəddəki gərginliyi BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq üçün müraciət edib. Doğrudur, Parisin istədiyi nəticəni buradan əldə etməsi çətindir, amma hər halda Bakıya beynəlxalq təzyiqlər istiqqamətində atılmış addımdır. Bu sıraya Avropa strukturlarından, ABŞ Konqresindən və s. beynəlxalq-hüquq müdafiə təşkilatlarından verilən bəyanatları da əlavə etsək, Qərbin Azərbaycana qarşı neytrallığını itirdiyini, yenə qərəzli mövqedən çıxış etdiyini görə bilərik. 

Qarşıdakı günlərdə nələr ola bilər?

Şübhəsiz ki, toqquşmalar Rusiyanın regionda hegemon hərbi-siyasi güc olduğunu Qərbə isbatlamağa daha bir imkan yaratdı. Putin bu üstünlüyünü siyasi-diplomatik müstəvidə daha da bərkitmək üçün Səmərqənddə keçiriləcək ŞƏT zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri ilə birlikdə görüşə bilər (Bu sammitə Türkiyə, Azərbaycan və Ermənistan rəhbərləri müşahidəçi və qonaq qismində dəvət olunublar-red.). 

Belə bir görüş başqa səbəblərdən də Putinə hava-su kimi lazımdır. Azərbaycan rəhbərliyi bu görüşdən imtina etməz, amma Türkiyə Prezidenti R.T.Ərdoğanla balanslaşdırıcı ayrıca bir görüşün də düzənlənməsi mümkündür. 

Daha gözlənilən məsələ Rusiya rəhbərliyinin Ermənistanın Baş naziri Paşinyanla məsələyə birdəfəlik son qoyması üçün növbəti dəfə "düyməyə" sıxması ola bilər. Bu dəfə erməni müxalifətinin əlində daha ciddi əsaslar var. Dünən gecə hərbi toqquşmalar zamanı çoxlu sayda erməni hərbçinin öldürülməsi, hərbi texnikanın məhv edilməsi, sərhəd kəndlərindən əhalinin qaçması hakimiyyətin ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olmadığını göstərir. Ən əsası, bu hadisələr Qarabağda deyil, sərhəddə baş verir və Baş nazirin ən "demokratik və səmimi" izahatları cəmiyyət üçün keçərli olmaya bilər. Yeri gəlmişkən, bugünlərdə daşnakların liderlərindən İşğan Saqatelyan bəyan edib ki, "proseslər hakimiyyəti 72 saata götürməyə imkan verənə qədər irəlilədikdən" sonra bütün istiqamətlərdən hərəkətə keçəcəklər. Bu, bəyanat İrəvanda və Ermənistanın başqa şəhərlərində kütləvi aksiyaların daha da dağıdıcı formada baş verəcəyini proqnozlaşdırmağa imkan verir.

Paralel olaraq Azərbaycana qarşı da ABŞ və Avropadan təzyiqlərə start verilə bilər. Yaxın günlərdə Avropa Parlamentində, ABŞ Konqresində və s. qurumlarda Azərbaycanın əleyhinə sistemli çağırışların artmasımın şahidi ola bilərik...

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2022-09-13 20:52:46

Putin bu təxribatla Qərbin adamı olan Paşinyanı aşırmaq istəyir.Ancaq,unudur ki,Qərb Putinə Qafqazı əsarətdə saxlamaq imkanı verməyəcək.

Афиг 2022-09-13 20:31:29

it hürər karvan keçər,nə beynəlxalq təşkilatlar,nə də o ölkələr öz problemini həll edə bilmirlər,bizə heç nə edə bilməzlər

Son yazılar